Son yeniləmə: 8 İyun 2022 12:24
Bayraqdar.info – Azərbaycan və Pakistan biznes ictimaiyyətləri arasında əməkdaşlıq üçün geniş imkanlar var. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
KOBİA-dan bayraqdar.info-ya verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və İslamabad Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Pakistan biznes konfransı keçirilib. Tədbirə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, 50-dən çox iş adamı qatılıb.
Qeyd olunub ki, konfransda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee, Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Bhatti, İslamabad Ticarət və Sənaye Palatasının prezidenti Məhəmməd Şakil Munir çıxış ediblər: “Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, KOBİA ölkəmizdə biznes fəaliyyəti qurmaq istəyən xarici sahibkarlara, o cümlədən Pakistandan olan iş adamlarına müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların tapılması, hər iki ölkənin KOB-ları arasında birgə layihələrin həyata keçirilməsi və digər istiqamətlərdə dəstək göstərə bilər”.
Çıxışda bildirilib ki, Agentlik və Pakistanın KOB-ların İnkişafı Təşkilatı arasında əməkdaşlığın qurulması istiqamətində tədbirlər görülür. İş adamları arasında təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.