Press "Enter" to skip to content

Qəbul imtahanlarının nəticələri bəllidir

Son yeniləmə: 7 İyun 2022 08:53

Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 21-22 may 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

Bu barədə bayraqdar.info-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər: “Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər”.

Məlumata əsasən imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 42 min 261 abituriyentdən (II qrup üzrə 20 min 740 nəfər, III qrup üzrə 21 min 521 nəfər) 3 min 674 nəfəri (II qrup üzrə 2 min 338 nəfər, III qrup üzrə 1 min 336 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib: “İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 12 iyun 2022-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq”.

Qeyd olunub ki, Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 8-10 iyun tarixlərində apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər: “Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək”.

Mission News Theme by Compete Themes.