Son yeniləmə: 7 İyun 2022 11:33
Bayraqdar.info – Yunanıstan tərəfindən Batı Trakya türklərinə qarşı təzyiq və təqib siyasəti davam edir. Bu arada İskeçe Türk Birliyinin (İTB) təmsilçiləri Fransanın Strasburq şəhərinə işgüzar səfər edib.
Bu barədə yayılan məlumatda qeyd edilib ki, İTB sədri Ozan Ahmetoğlu və İTB hüquq məsləhətçilərindən olan hüquqşünası İlker Çavuşoğlu 2-3 iyun tarixlərində Fransanın Strasburq şəhərində danışıqlar aparıblar. Onların səfəri 8-10 iyun tarixlərində keçiriləcək və AİHM-in icra olunmamış qərarlarının gündəliyində olacağı gözlənilən Avropa Şurası Nazirlər Komitəsinin iclasından əvvəl həyata keçirilib. Bu qərarlar Yunanıstan tərəfindən icra edilmir.
Görüşlərdə Yunanıstanın İskeçe Türk Birliyi və Batı Trakyadakı türk dərnəkləri ilə bağlı AİHM qərarlarını 14 ildir icra etməməsinin yaratdığı zərər bir daha izah edilib. “Bekirusta Dava Qrupu” kimi tanınan azlıqların işlərinə dair icra prosesinin təqibinin gündəmdə saxlanmasının vacibliyi vurğulanıb. Görüşlər zamanı mövzu ilə bağlı son hadisələr də müzakirə olunub.