Son yeniləmə: 7 İyun 2022 16:11
Bayraqdar.info – İyunun 6-da “ABAD”ın sayca 12-ci etno-butikinin açılışı baş tutub. Etno-butik yeni bərpa edilən və açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi “Şərq Bazarı”nda fəaliyyət göstərəcək.
Bu barədə bayraqdar.info-ya iyunun 7-də ASAN xidmət-dən məlumat verilib.
Bildirilib ki, açılış zamanı ölkə prezidenti və birinci xanım “ABAD”ın fəaliyyətə başlayacaq olan yeni etno-butikini ziyarət edərək “ABAD” məhsulları ilə yaxından tanış olublar.
Qeyd edilib ki, “Şərq Bazarı” 1982-ci ildən paytaxtın simvollarından biri sayılaraq, ölkənin tarixi abidələri siyahısına daxil edilib: “Kompleksin təşkili qapalı şərq bazarlarının ənənəvi prinsiplərinə, daxili həyət ideyasına, səciyyəvi şərq günbəzlərinə və ornamentlərinə əsaslanırdı. 2008-ci ildən isə kompleks fəaliyyət üçün yararsız hala gəldi. Lakin, 2018-ci ildə “PMD Projects” qrupu tərəfindən binanın yenidən qurulması işlərinə start verildi. Beləliklə, “Şərq Bazarı” yenidən öz qapılarını memarlığı, ənənəvi dekorativ-tətbiqi sənəti, bədii sənətkarlığı və şərq mətbəxini sevənlərin üzünə açdı”.
Vurğulanıb ki, bu səbəbdən dekorativ-tətbiqi xalq sənətkarlığının təbliğ və inkişafına töhfə verən qurum kimi “ABAD”ın etno-butikinin burada açılmağı məqsədəmüvafiq hesab edilib: “Bununla da, mövcud və gələcəkdə layihəyə daxil olacaq yüzlərlə sənətkar-“ABAD”çının burada, turizm baxımından cəlbedici olan bazarda, məhsulları satışa çıxarılacaq”.