Son yeniləmə: 7 İyun 2022 08:59
Bayraqdar.info – Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 21-22 may 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
Beləliklə, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (394 bal) 2 nəfər – Bakı şəhəri, 7 saylı orta məktəbin və Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunları göstəriblər.
Bu barədə bayraqdar.info-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına Liseyin məzununa məxsusdur: “O, imtahanın ikinci mərhələsində 383.4 bal, birinci mərhələsində isə 295 bal toplayıb. Beləliklə II ixtisas qrupu üzrə ən yüksək nəticə 678.4 baldır. Bu imtahanda III ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 391.2 bal toplayan Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbinin məzunu göstərib”.
Vurğulanıb ki, III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə Bakı şəhəri, 286 saylı orta məktəbin məzununa məxsusdur: “O, imtahanın ikinci mərhələsində 387.3 bal, birinci mərhələsində isə maksimal olan 300 bal toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 687.3 baldır.Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır”.