Son yeniləmə: 6 İyun 2022 14:47
Bayraqdar.info – ABŞ-ın Minnesota ştatında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə həsr olunmuş “Mən Azərbaycanı hər yanda axtarıram” mövzusunda fotomüsabiqənin qaliblərinin adları elan edilib.
Bu barədə bayraqdar.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan-Minnesota Assosiasiyasının təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü çərçivəsində keçirilən müsabiqədə 8-20 yaş arası15 nəfər iştirak edib: “İnformasiya Texnologiyaları sahəsi üzrə mütəxəssis Kamil Dadaşov, təhsil üzrə fəlsəfə doktoru Nərmin Ağalarova və Azərbaycan-Minnesota Assosiasiyasının rəhbəri Günel Krişnanın daxil olduğu münsiflər heyəti qaliblərin adlarını açıqlayıb. Qərara əsasən, birinci yerə 9 yaşlı Fərhad Əli Muxtarlının (Kanada, Kalqari), ikinci yerə 11 yaşlı Əminə Qarayevanın (Kanada, Kalqari), üçüncü yerə isə 13 yaşlı Davud Məmmədovun (Eagan, Minnesota) təqdim etdikləri fotoşəkillər layiq görülüb. Birinci yerin qalibinə 500, ikinci yerin qalibinə 300, üçüncü yerin qalibinə isə 200 ABŞ dolları məbləğində pul mükafatları verilməsi nəzərdə tutulub. Qaliblərə mükafat və bütün iştirakçılara sertifikatlar təqdim ediləcək”.