Press "Enter" to skip to content

Səfir Azərbaycanın uğurlarından danışıb

Bayraqdar.info – Meksika və Latın Amerikasının ən böyük ali təhsil müəssisəsi olan UNAM universitetinin rəsmi jurnalında Azərbaycan və Meksika ilə ikitərəfli münasibətlərlə bağlı geniş material dərc edilib.

Bu barədə bayraqdar.info-ya iyunun 4-də Azərbaycanın Meksikadakı səfirliuyindən məlumat verilib.

Bildirilib ki, səfir Məmməd Talıbov UNAM universitetinin “AAPAUNAM” jurnalına müsahibə verib: “Səfirin müsahibəsi əsasında hazırlanan yazıda Azərbaycanın ilk müstəqilliyi dövründə dövlət quruculuğu sahəsində qazandığı uğurlar qeyd olunub. Həmçinin müstəqilliyin bərpasından sonra ölkəmizin qarşılaşdığı çətinliklər, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında əldə olunmuş uğurlar barədə məlumatlar da məqalədə yer alıb. Yazıda müasir Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, bu xüsusda, həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat-infrastruktur layihələri, biznes mühitinin daha da təkmilləşdirilməsi üçün reallaşdırılan islahatlar, yeni yaradılmış sənaye parkları, o cümlədən Ələt Azad İqtisadi Zonası və onun xarici sahibkarlar, habelə meksikalı iş adamları üçün təqdim etdiyi səmərəli biznes imkanlarından da danışılıb”.

Məlumata əsasən nəşr Azərbaycanın turizm sektorunun inkişafına da xüsusi yer ayıraraq, paytaxt Bakı və regionlarda yaradılmış turizm infrastrukturu, habelə ölkəmizin zəngin iqlimi, rəngarəng təbiəti, dəyərli tarixi-memarlıq abidələri və mətbəxi barədə məlumatlara yer verib: “Müsahibədə 40-a yaxın müxtəlif xalqların birgə, sülh içində yaşadığı Azərbaycanın zəngin çoxmədəniyyətlilik ənənələri ilə tanındığı, mədəniyyətlərarası dialoqun inkişafında önəmli rol oynadığı və qeyd olunan məsələlərdəki xidmətləri sayəsində Roma Papası Fransisk tərəfindən tolerantlıq modeli adlandırıldığı xüsusi ilə qeyd olunub. Həmçinin ölkəmizdə əcnəbi tələbələr üçün yaradılan geniş təhsil imkanları barədə bəhs olunub”.

Yazıda həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə 30 ilə yaxın davam edən işğala son qoyduğu və hazırda azad edilmiş ərazilərin intensiv bərpası üzərində irimiqyaslı işlər gördüyü diqqətə çatdırılıb: “Azərbaycanla Meksika arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivlərindən də bəhs edilən yazıda ölkələrimiz arasında siyasi və iqtisadi-ticari əməkdaşlığın genişləndiyi vurğulanıb, xüsusilə ikitərəfli ticarət dövriyyəsinin son illərdə nəzərəçarpan dərəcədə artdığı qeyd olunub. Habelə turizm, mədəniyyət və elm-təhsil sahələrində müsbət əməkdaşlıq təcrübəsindən də bəhs edilib”.

Mission News Theme by Compete Themes.