Son yeniləmə: 3 İyun 2022 09:22
Bayraqdar.info – Mayın sonunda Çinə səfər edərək insan haqları sahəsində durumla tanış olan BMT insan haqları komissarı Mişel Başeletin başı dərddədir. Ən böyük qlobal təşkilatın insan haqlarına məsul ən yüksək vəzifəli şəxsi olaraq onun bu ölkəyə səfərindən gözləntilər böyük olsa da xanım M.Başelet dünyanın mütərəqqi kəsimini, özəlliklə də uyğurları ruhdan salıb.
Uyğur qruplarının yaydığı, eləcə də qlobal insan haqları təşkilatlarının təsdiqlədiyi bilgilərə görə, BMT rəsmisi Çinə səfəri çərçivəsində uyğurların başına gətirilənləri nəinki araşdırmayıb, üstəlik bu məsələdə Çinin rəsmi təbliğatını təkrarlayıb. Bu isə BMT kimi nüfuzlu bir qurumun adına yaraşan yanaşma deyil.
ABŞ-da, Avropada və dünyanın hər tərəfində olan uyğur insan haqları qurumları BMT rəsmisinin belə davranışını nəzərə alaraq istefası tələblərini intensivləşdiriblər. Onların fikrincə, M.Başelet Çinin rəsmi təbliğatına alət olmaqla insan haqları kimi yüksək dəyərlərə arxa çevirib.
Qeyd edək ki, M.Başelet Çin səfərinin yekunlarıyla bağlı mətbuat konfransında uyğurlardan danışarkən “radikallığın ləğvi”, “antiterrorizm”, “peşə təhsil və təlim mərkəzləri” kimi ifadələrdən istifadə edib. Bunlar isə Çinin uyğurlara tətbiq etdiyi insanlıq dışı basqıları ört-basdır etmək üçün istifadə etdiyi ifadələrdir. Qırmızı Çin bu ifadələrin arxasında gizlənərək uyğurları və digər türk-müsəlmanları düşərgələrdə tutur, onlara işgəncə verir, faktiki olaraq soyqırım tətbiq edir. Ona görə də uyğur qrupları BMT rəsmisinin belə davranışını qəbuledilməz sayır, onun istefasını tələb edir.
Xatırladaq ki, Çində insan haqlarının durumu ilə tanış olmaq üçün səfər etmiş M.Başelet 2018-ci ildən BMT insan haqları ali komissarıdır. O, daha öncə Çilinin Prezidenti olub və bu ölkə ilə Çin arasında münasibətlər indinin özündə belə yaxşıdır…
Material Azad Asiya Radiosunun كۆزەتكۈچىلەر: مىشەل باچېلېتنىڭ ئۇيغۇر ئېلىدىكى زىيارىتى ب د ت نىڭ ئىناۋىتىگە بۇزغۇنچىلىق قىلدى adlı yazısı əsasında hazırlanıb.