Press "Enter" to skip to content

“TEKNOFEST Azərbaycan” – dosta güvən, düşmənə qorxu

Dr. Yücel Karauz

Son yeniləmə: 3 İyun 2022 16:27

Dr. Yücel Karauz: Bu, 83 milyon Anadolu insanı ilə 10 milyon Azərbaycan xalqının əl-ələ, könül-könülə olması deməkdir

Bayraqdar.info – Ötən ay Azərbaycan olduqca möhtəşəm və tarixi bir tədbirə ev sahibliyi etdi. 26-29 may tarixlərində Bakıda ilk dəfə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirildi. Bu tədbir həm orada sərgilənən hərbi texnika və müasir texnologiya nümunələri, həm gənclərin startap layihələri, həm də Azərbaycan və Türkiyə dövlət başçılarının verdikləri mesajlar baxımından dünyanın diqqət mərkəzində oldu. Elə bu günlərdə yenidən Azərbaycanda olan Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauzla müsahibəmizi də bu mövzu ətrafında qurduq.

Bacarıqlı və yenilkçi gənclər üçün meydan

-Yücel bəy, Azərbaycana bu dəfəki səfərinizin məqsədi nədir?

-Bu səfərin iki əsas məqsədi var. Bunlardan biri Bakıda keçirilən və dünyanın diqqətində olan “TEKONEFST Azərbaycan” Festivalında, digəri isə iki qardaş ölkənin parlament sədrlərinin himayələrində keçirilən “INCSOS-Qarabağ” 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində iştirakdır.

-Dediniz ki, “TEKNOFEST Azərbaycan” dünyanın diqqət mərkəzində idi. Ümumiyyətlə sizin dəyərləndirmənizə görə bu festival əsasən nələrlə yadda qaldı?

-Festivalın bir-birindən fərqli 4 ana xətti vardı. Birincisi bu, 10 sahədə 10 komandanın, hardasa 6 min nəfərin qatıldığı, bir il sürən bir hazırlıqdan sonra keçirilən tədbir idi. Bu festival yeniliklərə can atan insanlar, xüsusilə də gənclər üçün bir meydandır. Yəni həm müdafiə sənayesi, həm insan həyatı, həm təbiət və ətraf mühitlə bağlı innovasiyalar yaradacaq startap layihələri üzərində çalışan gənclər layihələrini burada təqdim etmək imkanı qazandılar. İkinci, məhz bu festivalda müdafiə sənayesi və texnologiya firmaları öz yeni məhsullarını təqdim etmək üçün imkan əldə edirlər. Bu məqamda bir şeyi xatırlatmaq istəyirəm. İlk dəfə Akıncı SİHA-ları Türkiyədən qalxaraq dayanmadan – üç ölkəni keçməklə Azərbaycana gəldi. Bu uğur xarici mətbuatın da diqqətindən qaçmadı. Göründüyü kimi, bu festival həm də yeni məhsulların hansı imkanlara malik olduğunu nümayiş etdirmək üçün də mühüm rol oynayır.

Bayraktar, Akınсı, indi də Kızılelma

Üçüncü məsələ isə Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikasının havada və quruda birlikdə təlimləri ilə bağlı idi. Bu baxımdan xüsusilə hava şouları yaddaqalan oldu. Bu cür tədbirlər eyni zamanda dosta güvən, düşmənə qorxu yaradır. Belə təlimlərin sayı artdıqca Türkiyə və Azərbaycan ordusu tək bir ordu halına gələcək.

Dördüncü məsələ isə 32 ölkədən təmsilçi və ziyarətçilərin iştirakı ilə böyük bir fikir alış-verişinin, təqdimatlar, beyin fırtınasının olmasıdır. Dolayısı ilə bu qeyd edilənlərin fonunda atılan addımlar gələcəkdə Türkiyə və Azərbaycanın müdafiə sənayəsində birgə fəaliyyətlərin daha da dərinləşməsinə təkan verəcək. Eyni zamanda festival çərçivəsində iki qardaş ölkənin elmi qurumları, dövlət qurumları, nazirliklər arasında anlaşmalar imzalanıb. Bunların hamısı da Şuşa Bəyannaməsi ilə ortaya qoyulan təməl fəlsəfənin reallaşdırılmasıdır.

Prezident İlham Əliyevdən gənclərə çağırış və tövsiyə

-Festival həm də iki qardaş ölkənin başçılarının çıxışları ilə diqqət mərkəzində oldu. O çıxışları ümumilikdə necə dəyərləndirərdiniz?

-Dövlət başçılarının çıxışları önəmli mesajlarla zəngin idi. Həm ölkələrimiz və xalqlarımıza, həm də dünyaya ünvanlanmış o mesajlardan önə çıxanları belə qeyd edə bilərəm. Əvvəla, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev dedi ki, Türkiyə-Azərbaycan qardaşlığı çox ağır sınaqlardan keçib. Cənab Prezident “Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq” dedi. Hesab edirəm ki, əslində, bu, Balkan müharibəsində, Çanakkale savaşında, Birinci Dünya müharibəsi zamanı Nargin adasında saxlanılan türk əsirlərə azərbaycanlıların dəstəyində, Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasında da özünü göstərmişdi.

İkinci olaraq cümhurbaşqanlarının birlikdə olmasını vurğuladı və dedi ki, bundan xalqlarımız da güc almalıdırlar. İlham Əliyev dedi ki, 15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür.

Cənab Ali Baş Komandan bununla, əslində, gəncləri də öz şanlı tarixlərini dərindən öyrənməyə çağırdı. Cənab İlham Əliyevin gənclərə ünvanlanan daha bir mesajı isə Aziz Sancar və Selçuk Bayraktarla bağlı oldu. Qeyd etdi ki, A.Sancar kimi insanlar gənclər üçün örnəkdir – həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. O, gəncləri A.Sancara oxşamağa, S.Bayraktar kimi olmağa çağırdı.

Cənab İlham Əliyevin qardaşlıqla bağlı dediyi “Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var – o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik” sözləri isə xüsusilə önəm kəsb edir.

Bunlar çox dəyərli və strateji mesajlardır

Eyni zamanda hörmətli Cümhurbaşqanı Recep Tayyip Erdoğan da önəmli mesajlar verdi. Çıxışında müstəqillikdən bəhs edən sayın Cümhurbaşqanı Ə.Cavadın “Susmaram” şeirini söyləməklə Türkiyə və Azərbaycanın haqsızlıqılara qarşı susmayaraq mübarizə aparması, müstəqilliklərin əbədiləşdirilməsi ilə bağlı mesaj verdi. Bununla bağlı gənclərə də bir mesaj ünvanlamış oldu. Sayın Cümhurbaşqanı eyni zamanda dedi ki, Ankara da bizim vətənimzidir, Bakı da. Eyni zamanda Ankara da, Bakı da sizin vətəninizdir. Bunlar çox dəyərli və strateji mesajlardır. Yəni bundan sonra da bir millət – iki dövlət, lazım gələndə isə bir millət – bir dövlət fəlsəfəsi ilə hərəkət ediləcək. Əslində, Şuşa Bəyannaməsi ilə bu fəlsəfə həyata vəsiqə qazanıb. Çünki Türkiyə və Azərbaycan kimi dünyada dost, qardaş və strateji müttəfiq olan başqa ölkələr yoxudr. Cümhurbaşqanımız regionda əbədi sülhün əldə edilməsi üçün atılacaq addımlara, Azərbaycanla Ermənistan arasında əbədi sülhün əldə edilməsi üçün görülən işlərə dəstək veriləcəyini də bir daha bəyan etdi.

Bir sözlə, həmin günlər dünyanın gözü Bakıda idi. Rize-Artvin Hava Limanının açılışında cümhurbaşqanları səhnəyə əl-ələ çıxdılar. Bakıda isə iki ölkənin birinci xanımları səhnəyə əl-ələ çıxdılar. Cümhurbaşqanları və xanımlarının əl-ələ, könül-könülə olması 84 milyon Anadolu insanı ilə 10 milyon Azərbaycan xalqının əl-ələ, könül-könülə olması deməkdir. Dolayısı ilə bu görüntünü seyr edən o TEKNOFEST nəsli, bunu televiziyadan izləyən milyonlarla insan bundan sonra Azərbaycan-Türkiyə məfkurəsinə, türk dünyası məfkurəsinə sədaqətlə, səmimiyyətlə xidmət etməyə çalışacaq. Türkiyədən kənarda ilk TEKNOFEST-in Azərbaycanda olmasının tarixi əhəmiyyəti var. Cümhurbaşqanının gənclərə dediyi kimi ömür boyu bu gün unudulmayacaq.

-Bunu Bakıda səslənən fikirləri Azərbaycan ətrafında “qaynatmaq” istəyən bəzi xarici güclərə mesaj kimi də dəyərləndirmək olarmı?

-Təbii. Bu birlik və bərabərlik həm daxildəki təxribatçılara, xarici güclərin maşası rolunu oynayanlara, həm də xarici güclər, bir sözlə Türkiyə və Azərbaycanın birliyinin, müstəqilliyinin və inkişafınımn qarşısını kəsmək istəyən bütün qüvvələrə anlamlı bir mesajdır.

BVF Türk Dövlətləri Təşkilatını AB kimi bir güc olaraq qəbul edir

-Bu addımlar eyni zamanda bəhs edilən istiqamətlərdə türk dövlətləri çərçivəsində də hərəkətlənməyə təkan ola bilərmi?

-Zatən Türkiyə-Azərbaycan əlaqələri türk dünyasını da hərəkətə gətirib. Naxçıvan anlaşması ilə qurulan Türk Keneşi ötən il İstanbul Zirvəsi ilə Türk Dövlətləri Təşkilatına çevrildi. Bu bir cəsarət məsələsidir. Yəni Türkiyə-Azərbaycan əməkdaşlığı özlüyündə türk dünyasının birliyinə vəsilə olub. İstanbulda imzalanan Bəyannamədən sonra isə Özbəkistanla Türkiyə arasında əməkdaşlıq strateji səviyyəyə çatdı, Türkiyə-Qazaxıstan əlaqələri dərinləşdi. Eyni zamanda Türkmənistan-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyub. Onu da deyim ki, artıq dünyadakı bəlli qurum və institutlar türk dünyası, türk birliyi reallığnı qəbul edirlər. Bir misal deyim. Bu günlərdə Beynəlxalq Valyuta Fondu (BVF) Türk Dövlətləri Təşkilatını birlikdə bir güc olaraq, Avropa Birliyi kimi qiymətləndirməyə və qəbul etməyə başlayıb. Təbii ki, çox çalışmalıyıq və güclərimizi birləşdirməliyik.

Mission News Theme by Compete Themes.