Bayraqdar.info – Memarlıq və İnşaat Universitetinin idman zalında qılıncoynatma üzrə Azərbaycan çempionatı başlayıb.
Bu barədə bayraqdar.info-ya Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib.
Bildirilib ki, yarışın açılış mərasimindən sonra sablya növü üzrə qaliblər müəyyənləşib: “Yekun nəticələrə görə, kişilər arasında Murad Əkbərov qızıl, Maqsud Hüseynli gümüş, Nahid Məmmədli və Saleh Məmmədov bürünc medal qazanıblar. Qadınların yarışında isə Valeriya Bolşakova birinci yeri tutub. Sevil Bünyatova ikinci, Anna Başta və Palina Kaspiaroviç isə üçüncü yerlərə layiq görülüblər”.
Məlumata əsasən Azərbaycan Qılıncoynatma Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çempionatın mükafatçıları diplom və medallarla təltif olunublar: “Diplom və medalları mükafatçılara Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov, vitse-prezidentlər Fərhad Kasimov və Fikrət Zeynalov, federasiya prezidentinin məsləhətçisi Yaşar Məmmədov təqdim ediblər. Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunan Azərbaycan çempionatının birinci yarış günündə ilk 3 yerin sahiblərinə qiymətli hədiyyələr və pul mükafatları da verilib”.
Qılıncoynatma üzrə Azərbaycan çempionatına sabah yekun vurulacaq. Son yarış günündə şpaqa növü üzrə kişi və qadınlar arasında qaliblər müəyyənləşəcək.