Press "Enter" to skip to content

Özbəkistandakı qardaş qırğınının ildönümünə sözardı…

Fərqanə olaylarından geriyə qalanlar

Son yeniləmə: 3 İyun 2022 10:34

Bayraqdar.info – O günlərdə 103 nəfər öldürülmüşdü. Qardaş qanı tökülmüşdü, qardaşlar bir-birini öldürmüşdü. Həmin 103 nəfərdən 52-si axısxa türkü, 36-sı isə özbək idi. Yerdə qalanlar da özgələri deyildi. Onlar da elə qardaş xalqların nümayəndələridi…

Söhbət 1989-cu ilin 3 iyununda qardaş Özbəkistanın Fərqanə vilayətində axısxalılara (mesxeti türkləri) qarşı başladılmış, sonradan da qardaş qarşıdurmasına çevrilmiş acı olaylardan gedir.

O dövrün rəsmi statistikasıdır yuxarıda təqdim etdiyimiz. Bunu Özbəkistanın dövlət qurumları yaymışdı. Əlbəttə, nə qədər doğru və dəqiq olduğu haqqında fikir yürüdə bilmərik. Çünki nə də olmasa o dövr Sovetlərin hələ ayaqda olduğu, hər şeyi saxtalaşdırdığı, belə hallarda rəqəmləri kiçiltdiyi dövr idi.

Fərqanə olaylarından geriyə qalanlar
Fərqanə olaylarından geriyə qalanlar

Statistikada daha sonra qeyd edilir ki, hadisələrdə 1 min 11 nəfər yaralanıb. Eyni zamanda daxili qoşunların 137 əməkdaşı yaralanıb. Həmçinin 110 milis əməkdaşı da yaralananların arasındadır.

Hadisələr zamanı 757 ev yandırılıb və qarət edilib. Əlavə olaraq 27 dövlət obyekti və 275 nəqliyyat vasitəsi də xalq ayaqlanmasının – qardaş qarşıdurmasının qurbanı olub.

Sonra? Sonra da axısxalılar Stalinin bir vaxtlar etdiyi sürgün sonucu yerləşdikləri Fərqanədən növbəti dəfə didərgin düşməli olur. Yüz min axısxalı başqa ölkələrə, o cümlədən Azərbaycana pənah aparır. O dövrün rəqəmlərinə görə, Azərbaycana yerləşən axısxalıların sayı 10 min nəfər civarında olub…

Əslində bu hadisələr 3 iyundan öncə başlamışdı. Mayın sonuncu ongünlüyündə bazarda bir axısxalının bir özbək satıcı qadına kobud davranmasının buna səbəb olduğu deyilir. Hər halda o vaxtlar son illərini yaşamaqda olan SSRİ-nin qurduğu təbliğat belə deyirdi. O da qeyd edilirdi ki, belə kobudluq özbəkləri özündən çıxarıb, sonra gənclər qruplar halında bir-birinə hücum edib, axısxalılarla özbəklər arasında qarşıdurma dərinləşib.

Sonra da 3 iyun olayları baş verib. Bu dəfə özü də təşkilatlanmış şəkildə. DTK (KGB) dəst-xətti necə də aydın görünür, deyilmi?

Əslinə qalanda axısxalılarla özbəklərin alıb verə bilməyəcəyi bir şey yoxdur. O özbəklər bir zamanlar axısxalılara qucaq açmış, onlara qardaşca davranmışdı. Axısxalılar da bu qardaşlığı həmişə dəyərləndirib, bu gün də dəyərləndirir. Hətta Fərqanə olaylarından sonra belə axısxalılarla özbəklər bir-birinə düşmən münasibəti bəsləmir.

Belə olan halda nə baş vermişdi ki, iki qardaş xalq – türklər bir-birinə belə düşmən kəsilmişdi?

Fərqanə olaylarından geriyə qalanlar
Fərqanə olaylarından geriyə qalanlar

Dönəmin siyasi proseslərinə baxılırsa, səbəb bəlli olar. SSRİ, əslində Rusiya imperiyası o halında son illərini yaşayırdı. Moskva hər cür üsula əl atırdı ki, dağılmanın qarşısını alsın. Ona görə də civarlarda qardaş xalqları belə bir-birinə qarşı qoyur, bölücülüyü körükləndirirdilər ki, insanların başını qatsınlar. Amma bu qardaş qırğınları da rus imperiyasını qoruya bilmədi…

İllər keçdi, indi axısxalılar da, özbəklər də yaxşı anlayır ki, təxribata aldanıblar, qardaş qanı töküblər. Ona görə də dünyanın harasında olsalar da bir-birilərinə qardaş kimi sarılır, o acı günləri xatırlamaq belə istəmirlər.

Bizsə çox da dərinə getmədən xatırladırıq ki, indiki və gələcək nəsillər bir də belə təxribatlara aldanmasın…

Mission News Theme by Compete Themes.