Press "Enter" to skip to content

Kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişlənir

Kənd təsərrüfatı sahəsində əməkdaşlığa həsr olunmuş görüş

Son yeniləmə: 3 İyun 2022 10:28

Bayraqdar.info – Azərbaycan Respublikası və Rusiya Federasiyasının Perm vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa həsr olunmuş görüş keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiya Federasiyasının Perm vilayətinin qubernatoru Dmitri Maxonin, iki ölkənin müvafiq strukturlarının nümayəndələri iştirak ediblər.

Bu barədə bayraqdar.info-ya iyunun 3-də Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Rusiya arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğu və iki ölkə arasında ticarət dövriyyəsində davamlı artımın müşahidə edildiyi vurğulanıb: “Tərəflər qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq üçün mövcud imkanların olduğu sahələri müzakirə ediblər. Qonaqlara Rusiyanın bir çox vilayətlərinin, o cümlədən Perm vilayətinin Azərbaycan üçün vacib tərəfdaş olduğu diqqətə çatdırılıb və ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, aqrar sahədə həyata keçirilən islahatlar, fermerlərə göstərilən dövlət dəstəyi, respublikamızda mövcud olan əlverişli investisiya mühiti barədə ətraflı məlumat verilib. Tərəflər Azərbaycanla Perm vilayəti arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər”.

Mission News Theme by Compete Themes.