Press "Enter" to skip to content

Uşaqlar üçün səyyar tibbi müayinə aksiyası

Aksiya zamanı

Son yeniləmə: 2 İyun 2022 09:54

Bayraqdar.info – “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Daşkəsən rayonunda növbəti səyyar tibbi müayinə aksiyası keçirilib.

Bu barədə bayraqdar.info-ya iyunun 2-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, “Sağlam gələcək” devizi altında təşkil olunan aksiya 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib: “Aksiyada rayonun Quşçu, Çovdar, Çaykənd, Şadax və digər kəndlərinin azyaşlı sakinləri 3 gün müddətinə ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıblar. Cərrahiyə, pediatriya, terapiya, endokrinologiya, hepatologiya, LOR, kardiologiya, urologiya, həmçinin onkologiya sahələri üzrə ixtisaslaşmış peşəkar həkim heyəti uşaqları müayinə edib, onlara ambulator müalicə-profilaktik xidmətlər göstəriblər. Azyaşlılar fiziki müayinələrlə yanaşı, instrumental (EXO, EKS, ultrasəs və s.), eləcə də laborator müayinələrdən yararlanıb, diaqnoza uyğun olaraq müvafiq dərman preparatları ilə təmin olunublar”.

Qeyd edilib ki, aksiyanın ilk günündə Daşkəsən rayonu ərazisində yaşayan şəhid ailələrinin üzvləri də müayinə prosesinə cəlb edilib: “Düşərgədə körpələr üçün nağıl qəhrəmanları və cizgi film personajlarını canlandıran animatorlar tərəfindən əyləncəli oyunlar təşkil edilib, azyaşlılara müxtəlif oyuncaqlar və dərs ləvazimatları hədiyyə olunub. Layihə çərçivəsində, ümumilikdə 600 nəfərdən çox sakin müayinədən keçirilib”.

O da vurğulanıb ki, sosial aksiya “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsi, uşaqlarda xəstəliklərin vaxtında və düzgün müəyyən edilməsi, azyaşlılara profilaktik müayinə mədəniyyəti, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır: “Qeyd edək ki, səyyar tibbi müayinə aksiyası sözügedən qurumlar tərəfindən Daşkəsən rayonunda ikinci dəfədir həyata keçirilir. Ötən il birgə təşkil edilən aksiya 7 Aprel – Ümumdünya Sağlamlıq Gününə həsr edilmişvə3 gün davam edən layihə çərçivəsində bütün yaş qrupları üzrə 450 nəfərdən çox Daşkəsən rayonu sakininə ambulator müalicə-profilaktik xidmətlər göstərilmişdir. Xatırladaq ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən kəndlərin sakinləri mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətləri üzrə icra edilən layihələrdən faydalanırlar. Bölgədə yaşayanların, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələlərin qayğı ilə əhatələnməsinə xidmət edən bu cür layihələr sosial xarakterli dövlət proqramlarına töhfə verməkməqsədi daşıyır”.

Mission News Theme by Compete Themes.