Son yeniləmə: 2 İyun 2022 11:09
Bayraqdar.info – Səhiyyə Nazirliyində Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional meneceri Dumitru Latiçevski ilə görüş keçirilib.
Bu barədə bayraqdar.info-ya iyunun 2-də Səhiyyə Nazirliyindən mılumat verilib.
Bildirilib ki, nazir Teymur Musayev Azərbaycanın Qlobal Fond ilə əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini vurğulayıb.
O, qeyd edib ki, 2005-ci ildən QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin maliyyələşdirilməsində yaxından iştirak edir: “Hazırda Qlobal Fondun layihələri davamlı olaraq Azərbaycanda həyata keçirilir və vərəmlə mübarizəyə böyük töhfə verir”.
Nazir gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində Dumitru Latiçevski Qlobal Fond ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayıb. O, Azərbaycanın səhiyyə sistemində aparılan islahatları dəstəklədiyini bildirib.
D.Latiçevski həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə Azərbaycanda insanın immun çatışmazlığı virusunun (İİV) təmasdan öncə profilaktikası (TÖP – PrEP) adlı pilot layihənin icrasına başlanılıb: “Bu yeni metod riskli təmaslar zamanı İİV-ə yoluxmanın qarşısını almaqdan ötrü sağlam insanlar tərəfindən antiretroviruslu dərman vasitələrindən istifadəni nəzərdə tutur”.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.