Son yeniləmə: 2 İyun 2022 12:58
Bayraqdar.info – Almaniyanın Berlin şəhərində “Ərk” Azərbaycan İnsan Haqları Cəmiyyəti etiraz mitinqi keçirib. Mitinq Güney Azərbaycanlı fizik Əhmədrza Cəlali barəsində İrandakı hakim fars-molla rejiminin çıxardığı edam qərarının ləğvi və siyasi məhbuslara dəstək məqsədilə təşkil edilib.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “Ərk” Cəmiyyətinin sədri xanım Jalə Təbrizi və jurnalist Pərviz Yari digər etirazçılarla birlikdə siyasi məhbusların edamının qarşısının alınmasına, edam cəzasının ləğvinə, işgəncələrə qadağa qoyulmasına, Ə.Cəlali barəsində çıxarılan ölüm hökmünün dayandırılmasına çağırış edib. Onlar eyni zamanda vətəndaş cəmiyyəti fəallarının həbs edilməsinə etiraz bildiriblər.
Qeyd edək ki, bayraqdar.info-nun da yaxından izlədiyi Ə.Cəlali olayı bütün dünyanın diqqət mərkəzindədir. Əslən Güney Azərbaycandan olan İsveç vətəndaşı Ə.Cəlali bir elmi toplantı üçün İrana etdiyi səfər zamanı həbs edilib və barəsində ölüm hökmü çıxarılıb. Dünyanın ən aparıcı insan haqları qurumları İranın bu qeyri-insani davranışını qınamaqda və Ə.Cəlalinin azad edilməsini tələb etməkdədirlər.