Press "Enter" to skip to content

Autizmli uşaqlar üçün yeni sayt

Təqdimat zamanı

Son yeniləmə: 2 İyun 2022 08:54

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihə çərçivəsində autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqi və yeni  saytın təqdimatı olub.

Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.

Məlumata əsasən hökumət və qeyri-hökumət qurumları nümayəndələrinin iştirak etdiyi tədbirdə Agentliyin sədri Vüqar Behbudov yeni layihənin həm sağlamlıq imkanları məhdud uşaqlar, həm də onların valideynləri üçün önəmini qeyd edib: “Bildirilib ki, layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası ilə bağlı valideynlərinin bacarıqlarının artırılması, bu sahədə innovativ həllərin tətbiqinin genişləndirilməsidir. “AutizmDERS” vasitəsilə valideynlər uşaq psixoloqu, loqoped, özəl pedaqoq və müalicəvi idman müəllimlərinin iştirakı ilə hazırlanmış video materiallardan istifadə edə biləcək. Bununla övladlarının ev şəraitində də bir sıra reabilitasiya tədbirləri ilə əhatə olunmalarına dəstək verə biləcəklər”.

Qeyd edilib ki, tətbiqdən istifadə edən şəxslər müəyyən qrafik üzrə video dərslərə xatırlatma qoya və fərdi planlaşdırmanı asanlıqla apara biləcəklər: “Tətbiq valideynlərə uşaq inkişafı ilə bağlı resurs mərkəzi funksiyasını da yerinə yetirəcək. İlkin mərhələdə 7 istiqamət üzrə 200 video dərs tərtib olunub və həm veb səhifəyə, həm mobil tətbiqə yerləşdirilib. Video materialların məzmunu hazırlanan zaman bir sıra ölkələrin mütəxəssislərinin tədris proqramı və vəsaitlərindən istifadə olunub. Evdə fərdi məşğələlər keçirməyi öyrədən videodərslərdən sağlamlıq imkanları məhdud, xüsusilə də autizm sindromundan əziyyət çəkən uşağı olan hər bir valideyn yararlana bilər”.

Yeri gəlmişkən, “AutizmDERS” mobil tətbiqini həm iOS (Apple Store), həm də Android (Google Play) əməliyyat sistemli smartfonlarda istifadə etmək mümkündür.

Mission News Theme by Compete Themes.