Press "Enter" to skip to content

Uşaqlara qayğı gələcəyə qoyulan sərmayədir

Lamiyə İSAZADƏ

Son yeniləmə: 1 İyun 2022 15:09

Lamiyə İSAZADƏ – “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri

Bayraqdar.info – “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi 10 ilə yaxındır ki, uşaqların müdafiəsi, onların hüquqlarının qorunması, sosial problemlərinin həlli istiqamətində fəaliyyət göstərir.

Qurum eyni zamanda valideyn himayəsindən məhrum olan uşaqlara, aztəminatlı uşaqlı ailələrə, valideyninin birini itirmiş uşaqlara həm maddi, həm də mənəvi dəstək göstərir.

Valideyn himayəsindən məhrum olan uşaqların, eləcə də dünyadakı bütün uşaqların müdafiə olunmaq hüququ var. Hər ilin bu günü olduğu kimi bu gün də Azərbaycanda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü təntənəli şəkildə qeyd edilir. Çünki ölkəmizdə uşaq hüquqlarının təmin edilməsi, onların problemlərinin ardıcıl həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Haşiyə: Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci ildə 103 saylı Sərəncam imzalamışdı. Həmin Sərəncama əsasən 2009-cu il “Uşaq ili” elan olunmuşdu. Bu, dövlət başçısının Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğısının bariz örnəyidir.

Əminliklə deyə bilərik ki, uşaqların müdafiəsi, uşaq problemləri, uşaqlarla bağlı bütün məsələlər dövlətimizin ciddi nəzarətindədir. Bu gün uşaqlarımızın sağlam mühitdə böyüməsi və tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün dövlət hər cür şərait yaradıb. Hətta valideyn himayəsindən məhrum uşaqlar üçün istər uşaq evlərində, istərsə də məktəblərdə təhsil və inkişaf yönündə bərabər imkanların yaradılması təqdirəlayiq bir addımdır.

Belə layihələrin uğurla həyata keçirilməsinin əsas səbəblərindən biri bu işlərin ardıcıl və sistemli aparılmasındadır.

Uşaq evləri və internat məktəblərində məskunlaşan valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaq və yeniyetmələrlə qurulmuş iş bir nümunədir. Dövlətimiz həmin uşaqların yüksək səviyyədə təhsil almalarında, asudə vaxtlarının səmərəli təşkilində, eləcə də gündəlik qayğılarının aradan qaldırılmasında yaxından iştirak edir.

Həssas qrupa daxil olan uşaqları sevgi və qayğı ilə əhatə etmək, onlara həyatda irəliləmək üçün inam və əzm aşılamaq məqsədilə dövlət tərəfindən davamlı olaraq həyata keçirilən layihələr həmin uşaqlara stimul, yaşamaq həvəsi verir.

Hər bir uşağın öz potensialını və arzularını həyata keçirməsi üçün həm valideyn, həm də dövlət uşaqlara şərait yaratmalıdır. Bu gün dövlətimiz o imkanı, o şəraiti uşaqlarımız, gənclərimiz üçün yaradıb. Uşaqlarımız üçün yaradılan hər bir şərait, yüksək təhsil gələcəyimiz üçün sərmayədir.

Mission News Theme by Compete Themes.