Son yeniləmə: 1 İyun 2022 15:47
Bu dəfə “Daşınmaz əmlakın qeydiyyatı” və “Dövlət əmlakının özəlləşdirilməsi” mövzularından bəhs edildi
Bayraqdar.info – Mayın 31-də jurnalistlrə üçün “Daşınmaz əmlakın qeydiyyatı” və “Dövlət əmlakının özəlləşdirilməsi” mövzularında təlim keçirilib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə baş tutan təlimdə məqsəd iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılmasıdır.
Beləliklə, jurnalistlər qarşısında çıxış edən təlimçilər – Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları Elnur Rzayev və Rəşad Əbləsənov müvafiq mövzularla bağlı ətraflı bilgi verdilər. Təlimçilər daşınmaz əmlakın qeydiyyatı prosedurları, bu sahədə vətəndaşların daha çox istifadə etdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları, dövlət əmlakının özəlləşdirilməsi üsulları, özəlləşdirilmə prosesinin iqtisadiyyata verdiyi faydalar, üstünlüklər barədə təqdimatla çıxış etdilər.
Çıxışlarla yanaşı təlim zamanı müvafiq mövzularla bağlı müzakirələr aparıldı, jurnalistlərin sualları cavablandırıldı.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu. Qeyd edək ki, sertifikatları KİV nümayəndələrinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi müavini Rüstəm Şahbazaov və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov təqdim etdilər.