Press "Enter" to skip to content

Həftəsonu yarmarkaları keçiriləcək

Son yeniləmə: 1 İyun 2022 13:43

Bayraqdar.info – İyunun 4-5-də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

Bu barədə bayraqdar.info-ya iyunun 1-də Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək.

Qeyd edilib ki, “Kənddən Şəhərə” həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir: “Budəfəki yarmarkalarda ümumilikdə 45 regiondan 100-ə yaxın fermer iştirak edəcək. Onlar 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər”.

O da bildirilib ki, yarmarkalar fermerlər üçün tamamilə ödənişsiz şəkildə təşkil olunacaq: “Belə ki, yarmarkada iştirak edəcək fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər avadanlıqlarla təmin olunacaqlar. Həmçinin məhsullarını yarmarka ünvanlarına çatdırmaqda çətinlik çəkən fermerlərə loqistik dəstək göstəriləcək.

“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı)
– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A”.

Mission News Theme by Compete Themes.