Press "Enter" to skip to content

Güney Azərbaycan təşkilatlarından İrandakı qarışıqlıqla bağlı Bildiriş

Təbriz şəhəri

Son yeniləmə: 1 İyun 2022 14:05

Bayraqdar.info – Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi İranın Ebadan (Abadan) şəhərində baş verən xalq ayaqlanması və buna dövlətin hədsiz şiddətlə cavab verməsi ilə bağlı Bildiriş yayımlayıb.

Xəbər bayraqdar.info-ya iyunun 1-də Mərkəzdən daxil olub.

“Hər kəsə məlum olduğu üzrə bir neçə gün bundan öncə İranın Əhvaz vilayətinin Ebadan (Abadan) şəhərində Metropol adlı bir bina çökərək çox sayda insanın canını itirməsinə, yaxud xəsarət almasına nədən oldu”, – deyə Bildiriş başlayır.

Daha sonra qeyd edilir ki, “əsasında bir ərəb şəhəri olan və bu gün də əhalisinin böyük hissəsi ərəb olan o bölgədə o gündən bu günə etirazlar davam etməkdədir və hər zaman olduğu kimi İran əmniyyət gücləri bildikləri tək yola, yəni şiddətə baş vurmuşdur”.

“Təbii ki bölgə xalqı ortaya çıxan bu fəlakəti İran rejiminin içində boğulduğu sistematik fəsadla əlaqələndirməkdə və bu səbəblə etirazlar çoxdan Metropol binası hadisəsini aşmış və anti-rejim mahiyyət almışdır. Özəlliklə bölgənin ərəb milləti yüz ili aşqın bir sürədə İran mərkəzi hökumətinə hakim olan fars milliyyətçiliyinin ən böyük qurbanlarından olduğu üçün bu gün daha böyük bir öfkə duymaqda və etirazlarda önəmli rol oynamaqdadır.” Bildiriş bu sözlərlə davam edir.

“Biz, Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi olaraq o bölgədə yaşayan bütün insanların, o cümlədən məzlum ərəb millətinin acı və kədərini paylaşırıq və bu haqlı davada özümüzü onların yanında görürük. Təbii ki bu gün İran adı ilə tanınan ölkədə xalqların düşdüyü bu acınacaqlı durumun bilavasitə sorumlusu İran rejimi və başda bütün ipləri əllərində tutan Xameneyi və Sepahdır. Sivil və demokratik yollarla etiraz etmək isə İranda yaşayan məzlum millətlərin ən doğal haqqıdır və bu etirazlara şiddət qarışmasının da sorumlusu yenə İran rejimidir”, – deyə Bildirişdə qed edilir.

Sonda bildirilir ki, “bizə görə, İran adlanan ölkədə bütün millətlər, o cümlədən Azərbaycan türk milləti də bu etirazlara dəstək verərək faşist və irqçi İran rejiminin sömürgəçiliyinə son qoymalıdır”.

Bildirişi Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin üzvü olan Azadlıq Cəbhəsi (GAMAC), Azərbaycan Mərkəz Partiyası (AMP), Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş), Azərbaycan Öyrənci Hərəkatı (AZÖH), Güney Azərbaycan Demokrat Partiyası (GADP), Güney Azərbaycan İstiqlal Partiyası (GAİP), Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP) və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) imzalayıb.

Mission News Theme by Compete Themes.