Son yeniləmə: 1 İyun 2022 12:39
Bayraqdar.info – Xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstana rəsmi səfər edib. Səfər çərçivəsində iyunun 1-də C.Bayramov Bolqarıstan Baş naziri Kiril Petkov ilə görüşüb.
Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, Baş nazir Azərbaycan xarici işlər nazirini salamlayaraq, cari səfərin əhəmiyyətini qeyd edib: “Azərbaycanın Bolqarıstan üçün çox önəmli bir vaxtda enerji sahəsində ölkəyə yardım etdiyini səsləndirən Baş nazir Kiril Petkov Azərbaycan Prezidenti İlham Əliyevin bu xüsusda rolunu vurğulayıb və Azərbaycan dövlətinin etibarlı tərəfdaş olduğunu qeyd edib. Nazir Ceyhun Bayramov səmimi qəbula görə təşəkkür edib. İki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi sahədə də dinamik inkişaf ilə müşayiət edildiyi ifadə olunub”.
Məlumata əsasən tərəflər, ikitərəfli əlaqələrin bir sıra sahələrdə, o cümlədən enerji, iqtisadi-ticarət, informasiya texnologiyaları, nəqliyyat-tranzit, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar: “Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclasının keçirilməsinin iqtisadi əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd olunub. Nazir Ceyhun Bayramov Baş nazirə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minaların təmizlənməsi, sülh quruculuğu istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə məlumat verilib”.
Görüşdə, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.