Bayraqdar.info – Azərbaycanın qardaş Qırğızıstanın Bişkek şəhərindəki səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə qəbul təşkil edib. Tədbirə azərbaycanlılarla yanaşı Qırğızıstan hökumətinin təmsilçiləri, diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatlar, ictimai qurumlar, yerli ictimaiyyət nümayəndələri və media təmsilçiləri qatılıb.
Xəbəri mayın 31-də bayraqdar.info-nun Orta Asiyadakı media tərəfdaşı olan Golden Bridge News verib.
Tədbir Qırğızıstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra səfir Lətif Qəndilov 28 May – Müstəqillik Gününün tarixi haqqında məlumat verib.
Səfir bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasıyla ilə ilk dəfə olaraq müsəlman Şərqində demokratik respublika yaranıb. O, qeyd edib ki, Azərbaycan xalqı müstəqilliyə qovuşub, ölkənin dünya birliyinin üzvü kimi tanınması prosesi başlayıb.
“O vaxt Azərbaycanı işğal etməyə cəhd göstərən erməni çətələrinə qarşı savaş 1918-ci ildə Osmanlı dövlətinin Nuri Paşa komandanlığında qurduğu Qafqaz İslam Ordusunun xalqımıza dəstək verməsi sayəsində qazanıldı. 1991-ci ildə isə Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi”, – deyə səfir qeyd edib.
L.Qəndilov deyib ki, yenidən müstəqilliyini qazanan dövlətin inkişafı və qüdrətinin möhləmləndirilməsi istiqamətində müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev böyük töhfələr verib. O, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi idi.
H.Əliyevin fəaliyyətini diqqətə çatdıran səfir 30 il düşmən tapdağı altında qalan torpaqların məhz onun siyasətinin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi sayəsində işğaldan azad olunduğunu vurğulayıb. O, Azərbaycanın qüdrətininin daha da artdığını, getdikcə gücləndiyini və sürətlə inkişaf etdiyini, bu səbəbdən də dövlət müstəqilliyinin əbədi və sarsılmaz olacağını bildirib.
L.Qəndilov Qırğızıstan-Azərbaycan əlaqələrinə də toxunaraq Prezident Sadır Caparovun Azərbaycana rəsmi ziyarəti çərçivəsində strateji tərəfdaşlıq səviyyəsinə çıxarılan əlaqələrin və əməkdaşlığın iki ölkə arasında daha da möhkəmlənəcəyini vurğulayıb.
Qırğızıstan xarici işlər nazirinin müavini Aybek Moldokaziyev ölkəsi adına müstəqilliyin 104-cü ildönümünü təbrik edib. O, dost, qardaş və strateji tərəfdaş olan Azərbaycanın xoş gələcəyi naminə daha da inkişaf etməsini arzulayıb.
Sonra ikitərəfli əlaqələrin inkişafı və münasibətlərin daha da dərinləşməsi istiqamətində fəaliyyətlərinə görə, Qırğızıstan Gömrük Komitəsinin sədri Samat İsabekov səfir L.Qəndilovu təsis etdiyi “Gömrük xidmətinin 30 illiyi” yubiley medalı ilə təltif edib.
Müstəqillik Günü tədbirinin sonunda qırğız opera sənətçisi Almazbek İsambayev Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa edib. Klassik musiqi sədaları altında qonaqlara Azərbaycan milli mətbəxindən təamlar təqdim olunub.