Press "Enter" to skip to content

Birlikdə çox işlər görə bilərik

Prof. Dr. Lokman Kuzu və Nadir Azəri

Son yeniləmə: 2 İyun 2022 00:10

Prof. Dr. Lokman Kuzu: Kosmik sahədə əməkdaşlığın dərinləşməsi türk dünyası üçün də mühüm önəm kəsb edir

Bayraqdar.info – “Bu mənim Azərbaycana ikinci səfərimdir. Bura bizim öz Vətənimizdir. Yəni bizim üçün Türkiyə nədirsə, Azərbaycan da odur”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında qardaş Türkiyədə fəaliyyət göstərən “TrAnten Elektronik A.Ş”nin rəhbəri Prof. Dr. Lokman Kuzu deyib.

Bakıya qısa zamanlıq səfəri çərçivəsində bayraqdar.info üçün özəl açıqlama almaq istəyimizə müsbət cavab verdiyi üçün dəyərli hocamıza münnətdarlıq edirik.

Xatırladaq ki, 1997-ci ildə Orta Doğu Teknik Üniversitesi (ODTÜ) Elektrik ve Elektronik Mühəndisliyi Bölümünü tamamlayan Prof. Dr. Lokman Kuzu bir müddət ölkə daxilində və xaricdə eletriklə bağlı layihələrdə çalışıb. 2000-ci ildə Nyu York Rönesans bursu qazanaraq Syracuse Üniversitetində əvvəl magistr, sonra isə doktorantura təhsili alıb.

Doktorantura təhsilini başa vurduqdan sonra 2006-2008-ci illərdə Fransada Türksat 3A layihəsində çalışıb. 2008-2011-ci illərdə “Türksat A.Ş”də TV Platform Direktoru olub. 2012-ci ildə MELCO-da (Mitsubishi Electrical Company) Türksat 4A ve 4B peyk layihələrində çalışıb. 2014-2019-ci illərdə TÜBİTAK Uzay Teknolojileri Araştırma İnstitutunda Yönetim Kurulu başqanı və İnstitut müdiri olub.

“TÜBİTAK Uzay”da Türkiyənin ilk yerli rabitə peyki olacaq TÜRKSAT 6A və görüntü peyki İMECE ilə bağlı layihələrdə çalışıb. 2019-cu ilin oktyabrından 2020-ci ilin iyununa qədər EHSİM şirkətində passiv radar layihəsi üzərində çalışıb.

2020-ci ilin iyun ayından etibarən “Tr-Anten Elektronik A.Ş.”nin baş direktoru vəzifəsində çalışır. O, həmçinin Karabük Universitetinin Elektrik və Elektronika Mühəndisliyi Fakültəsinin müəllimidir.

Peyk texnologiyaları, RF/mikrodalğalı soba, antena üzrə mütəxəssis olan L.Kuzu 2019-cu ilin avqustundan etibarən Türkiye Uzay Ajansı Yönetim Kurulunun üzvüdür.

Beləliklə, Bakıya səfərinin məqsədinə toxunan L.Kuzu dedi ki, iki il öncə Türkiyə Müdafiə Sənayesi Nazirliyinin tərkibində “TrAnten Elektronik A.Ş” adlı şirkət qurulub: “Mən bu şirkətə baş direktor təyin edildim. Bu şirkətdə biz strateji qurumlarımız üçün müxtəlif peyk antenaları qururuq. Avtomobil, silah və digər sahələrdə qurula bilən antenalar hazırlamışıq. Özü də bu antenalar bəlli sahələrdə milli istehasala da dəstək olur. Bakıya səfərimzidə də məqsəd bu sahədə qardaş Azərbaycanla da yaxından əməkdaşlıq, öz məhsullarımızı təqdim etməkdir. Bununla bağlı bəlli qurumlarda görüşlər də keçirdik”.

Kosmik fəzada Türkiyənin və Azərbaycanın timsalında türk dünyasının əldə edə biləcəyi nailiyyətlərə gəlincə, müsahibimiz aşağıdakıları bildirdi: “Qeyd edim ki, TÜBİTAK Uzay İnstitutu ilə “Azərkosmos” arasında uğurlu əməkdaşlıq quruldu. Eyni zamanda bu gün “Azərkosmos”la Türkiye Uzay Ajansının sıx əməkdaşlığı var. Hazırda Türkiyənin ilk yerli rabitə peyki olacaq TÜRKSAT 6A üzrə işlər yekunlaşmaq üzrədir. 2023-cü ildə kosmik fəzaya göndərilməsi planlaşdırılır. Ümumiyyətlə bu sahədə birlikdə çox işlər görə bilərik. Əminəm ki, bu sahədəki əməkdaşlığımızın dərinləşməsi türk dünyası üçün də mühüm önəm kəsb edir”.

“TEKNOFEST Azərbaycan” Festivalının əhəmiyyətinə də toxunan müsahibimiz eyni zamanda türk dünyasını ayıq-sayıq olmağa çağırdı: “Bəlli olduğu kimi, TEKNOFEST bir neçə il öncə Türkiyədə başladı. Bu günə kimi uğurlu gedir. Bu festivalın bu il Azərbaycanda keçirilməsinin isə xüsusi əhəmiyyəti var. Bu çox tarixi və əhəmiyyətli hadisədir. Çünki öz insanımıza “bunu biz də edə bilirik” mesajını verməyimizin vaxtıdır. Bu baxımdan TEKNOFEST mühüm platformadır. Onu da deyim ki, festivalın Azərbaycanda keçirilməsi Türkiyə-Azərbaycan qardaşlığının tarixi bağlara söykəndiyi qədər yeni dövrün çağırışlarına da cavab vermək gücündə olduğunu nümayiş etdirdi. Hesab edirəm ki, bu eyni zamanda türk dünyasına da yayılacaq. Amma təbii ki, asan olmayacaq. Çünki türk dünyasının inkişafı birilərini narahat edir və onlar buna mane olmağa çalışacaqlar. Ona görə də ayıq-sayıq olmalıyıq”.

“Türk dünyasında kosmik sahədə elmli insanın az olduğu kimsəyə sirr deyil. Bəs gələcək üçün bu sahədə nələr edilməlidir” sualına gəlincə L.Kuzu dedi ki, əslində bu sahədə də əsas iş Türkiyə ilə Azərbaycanın üzərinə düşəcək: “İki qardaş ölkənin ali təhsil sahəsində, universitetlərlə əlaqələrin dərinləşməsi baxımından atdığı addımlar çox önəmlidir. Bu arada bu günlərdə Bakıda Türkiyə və Azərbaycan parlament sədrlərinin təşəbbüsü ilə beynəlxalq elmi seminarın keçrilməsi də çox mühüm addımdır. Bu tədbirlər, həmçinin elmi sahədə birlikdə addımların atılması, dediyiniz o kosmik sahədə də elmli insanların yetişməsinə kömək olacaq”.

Mission News Theme by Compete Themes.