Son yeniləmə: 1 İyun 2022 12:06
Bayraqdar.info – Beynəlxalq Enerji Forumunun baş katibi Josep McMonigle ilə Energetika Nazirliyində görüş keçirilib.
Bu barədə bayraqdar.info-ya Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, baş katib Bakı Enerji Həftəsi tədbiri çərçivəsində Azərbaycana səfər edib.
Qeyd edilib ki, görüşdə energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanda liberal enerji bazarının formalaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və enerji keçidi prosesi haqqında danışıb. O, “yaşıl enerji”dən istifadənin genişləndirilməsi sahəsində görülən işlər, xüsusilə işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji potensialından istifadə istiqamətində qəbul edilmiş strateji hədəflər və atılmış addımlar haqqında məlumat verib. Hazırda enerji sahəsində baş verən dəyişikliklərin həm ölkələr arasında, həm də ölkələrlə beynəlxalq təşkilatlar arasında əməkdaşlığı tələb etdiyi vurğulanıb.
Məlumata əsasən Josep McMonigle Bakı Enerji Həftəsini dünyada enerji sektorunda çətinliklərin yaşandığı belə bir vaxtda maraqlı tərəfləri bir araya toplayan beynəlxalq platforma kimi qiymətləndirib. O, dəvətə görə təşəkkür edib. Təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətləri və digər beynəlxalq qurumlardan fərqləri haqqında danışıb.
Görüşdə Azərbaycanın təşkilata üzvlüyü məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.