Son yeniləmə: 31 May 2022 10:19
Bayraqdar.info – Hər il mayın 31-də Qazaxıstanda siyasi repressiyalar və aclıq qurbanlarının xatirəsi yad olunur. Bu tarix Prezidentin 5 aprel 1997-ci il Fərmanına uyğun olaraq qeyd edilir.
Sovet hakimiyyəti illərində 40 milyonadək insan bu və ya digər dərəcədə repressiyaya məruz qalıb. Statistikaya görə, Qazaxıstanda 1921-ci ildən 1954-cü ilə qədər 100 minədək insanı məhkum ediblər. Onlardan 20 mindən artığı güllələnib.
Minlərlə insan “yazışma hüququ yasaqlansın” təqdimatı ilə məhkum edilib. Bu isə şahid ifadələrinə görə, elə ölüm hökmü kimi bir şey idi.
Kütləvi repressiya dövrü qazax xalqı üçün çox baha başa gəlib. İnqilaba qədər qazaxlar arasında savadlı insanların sayı bir neçə min nəfər idi. Onların da bir çoxu “Alaş” hərəkatına qoşulmuşdu. Bu hərəkat ümumilikdə geridə qalmaqda olan xalqın inkişafı üçün muxtariyyət uğrunda mübarizə aparırdı.
Xalqa müraciətində Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev xatırladıb ki, hələ 1993-cü ildə “Kütləvi siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında” qanun qəbul edilib. O, siyasi repressiya qurbanlarının reabilitasiyası üzrə dövlət komissiyası qurulması üçün tapşırıq verib.
Ölkənin tarixində Stalin dövrünün kütləvi repressiyaları xüsusi rol oynayıb. Qazaxıstan ərazisində rus dilində GULAG, ALJİR, Steplag, Karlag adlanan xüsusi düşərgələr olub. Repressiya illərində Qazaxıstandakı düşərgələrə SSRİ-nin hər tərəfindən 5 milyondan çox insan sürgün edilib. Əlavə olaraq 2-ci dünya müharibəsi illərində “almanlara yardım etdiklərinə görə” bir çox Qafqaz xalqlarını, almanları, koreyalıları, türkləri (krım tatarlarını da), polyakları və başqalarını da Qazaxıstana sürgün etmişdilər.
Bu sürgün olunanların bir hissəsi qazax xalqının dəstəyi hesabına həyatda qala bilmişdi. Bununla bağlı Qazaxıstanda hətta 1 Mart – Şükran Günü də təsis edilib.
Qazaxıstan xalqı siyasi repressiyalardan əziyyət çəkmiş milyonlarla həmvətənin xatirəsini əziz tutur. Bu kütləvi terror haqqında məktəb dərsliklərində yazılır, mövzu ilə bağlı kitablar dərc edilir, filmlər çəkilir. Bütün bunlarla yanaşı şəhər və kəndlərdə xatirə abidələri ucaldılır.
Bunlar ona görə lazımdır ki, yeni nəsil dinc təkamül yolunun əhəmiyyətini daha yaxşı dərk edə bilsin. Yəni belə halların təkrarlanmaması üçün nəticə çıxarsın.
6 dekabr 2021-ci ildə Qazaxıstan Parlamentinin Senatında “Aşarşılıq. Aclıq. 1928-1934” kitabının 4 və 5-ci cildləri təqdim edilib. Eyni zamanda həmin kitabın ilk 3 cildi də dərc edilib. Bu kitabda 1928-1934-cü illərdəki aclıqdan əziyyət çəkənlərlə bağlı tarixi sənədlər toplanıb.
Yazı Araylım Muratın Qazaqparat-da dərc edilmiş “День памяти жертв политических репрессий и голода отмечают в Казахстане” adlı materialı əsasında hazırlanıb.