Son yeniləmə: 31 May 2022 15:42
Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə “Təhsildəvözəl biznesin rolu” mövzusunda ictimai müzakirə keçirildi. İctimai müzakirədə təhsil sahəsində sahibkarlıqla məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə beynəlxalq təcrübə və dövlət-özəl əməkdaşlığı müzakirə edildi.
Qeyd edək ki, tədbirdə təhsil naziri Emin Əmrullayev də qatılmışdı.
Tədbirdə təhsil sahəsində fəaliyyət göstərən KOB subyektləri, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov ictimai müzakirənin təşkili məqsədi və KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verdi. O, tədbirin təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ehtiyaclarının öyrənilməsi, sektora investisiya qoyuluşu və təhsildə dövlət-özəl tərəfdaşlığına dair müzakirələrin aparılması üçün keçirildiyini vurğuladı.
Forumda çıxış edən təhsil naziri E.Əmrullayev Azərbaycanda təhsilin inkişafı, bu sahədə görülən işlər, təhsilin biznes sahəsi kimi formalaşması, bu sahədə imkanlar və beynəlxalq təcrübə barədə danışdı.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd etdi ki, müxtəlif sahələrdə, o cümlədən təhsil sektorunda biznesin inkişafına dəstək göstərmək KOBİA-nın fəaliyyət istiqamətlərindən biridir. Vurğulandı ki, Agentlik təhsil biznesi sahəsində əlavə təşviq mexanizmlərini özündə birləşdirən qanunvericilik bazasının təkmilləşdirilməsinə, eləcə də mövcud resurslar çərçivəsində sektorda çalışan sahibkarlarla birlikdə onların layihələrinin icrasına dəstəyini davam etdirir: “Agentlik KOB subyektlərinin dəstəklənməsinə yönəldilmiş modellər və mexanizmlərin hazırlanmasında təhsil sektorunda fəaliyyət göstərən KOB-ların potensialından da faydalanmaqda maraqlıdır”.
Tədbir çərçivəsində yeni yaradılmış Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli təqdimatla çıxış edərək təşkilatın fəaliyyəti barədə məlumat verdi.
Tədbirdə həmçinin mövzu ilə bağlı müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənildi, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən biznes subyektlərini maraqlandıran suallar cavablandırıldı.