Son yeniləmə: 31 May 2022 13:57
Bayraqdar.info – Mayın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinə zəng edib.
Xəbəri Rusiya Prezidentinin Mətbuat xidməti yayıb.
Söhbət əsnasında Azərbaycan, Rusiya və Ermənistan arasında əldə edilmiş 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların icra durumu müzakirə edilib. Özəlliklə də bölgədə dinc yaşayışın və sabitliyin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin və nəqliyyat yollarının açılması ətrafında fikir mübadiləsi aparılıb.
İ.Əliyev V.Putini mayın 22-də Brüsseldə keçirilmiş üçtərəfli görüşlə bağlı da məlumatlandırıb.
Qeyd edək ki, həmin görüş Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakıyla Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında keçirilmişdi.
Kremlin xəbərində qeyd edilir ki, ikitərəfli iş birliyi məsələləri də müzakirə edilib, iki ölkə arasındakı strateji tərəfdaşlığın dərinləşdirilməsinə qarşılıqlı maraq bir daha təsdiqlənib.
Göründüyü kimi, Kreml öz xəbərində Qarabağın adını belə çəkmir. Lakin Margarita Simonyanın çirkin təbliğat maşını olan Sputnik yenə də Qarabağı süni şəkildə gündəmdə tutmağa cəhd göstərib.
Sputnik Azərbaycan: “Azərbaycan və Rusiya prezidentləri Qarabağla bağlı razılaşmaların və ticari-iqtisadi iş birliyinin gedişini müzakirə ediblər”.
Sputnik Armenia: “Putin Əliyevlə Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmaların yerinə yetirilməsinin gedişini telefonla müzakirə edib”.
Hər iki halda Sputnik Kremlin yaydığı rəsmi xəbərə istinad edir. Halbuki Kreml öz xəbərində ümumiyyətlə Qarabağın adını çəkmir.
Bu durumu nəzərə alaraq bir daha o məsələnin üzərinə qayıdırıq: Sputnik Azərbaycan ölkədən çıxarılmalıdır. Bu erməni təbliğat maşınına Azərbaycanda dözməklə özümüzə çox böyük hörmətsizlik edirik…
[…] İki ölkə prezidenti danışdı, Sputnik yenə də öz bildiyini etdi […]