Press "Enter" to skip to content

Almaniya NATO-nun ikinci ən güclü ordusuna iddia edir

Alman ordusu

Son yeniləmə: 31 May 2022 14:15

Bayraqdar.info – Almaniyanın Federal kansleri Olaf Şolts bəyan edib ki, ölkəsi ordu quruculuğunda çox ciddi bir uğura imza atmaq ərəfəsindədir. O, bu barədə özünün sosial media hesabında paylaşım da edib.

“Özəl bir fondumuz gəlir. 100 milyard [avro] ilə biz silahlı qüvvələrin öz müdafiə vəzifəsini əvvəlkindən daha yaxşı yerinə yetirməsini təmin edəcəyik. Almaniya və Avropanın təhlükəsizliyi üçün böyük bir addım. Bu, bizim dönüş nöqtəsinə cavabımızdır”, – deyə kansler qeyd edib.

Onu da əlavə edək ki, Almaniya mediası ölkə parlamentində təmsil olunan əsas müxalifətlə bu yöndə razılığın əldə edildiyini də yazır.

Ölkənin belə bir addıma ehtiyac duyması Rusiyanın 2022-ci ilin 24 fevralında Ukraynaya açıq təcavüzüylə bağlıdır. Müharibənin başlanmasının ardından O.Şolts ölkəsinin daha yaxşı müdafiəyə hazır olması üçün bu təşəbbüsü irəli sürmüşdü. Üç aydır aparılan müzakirələr sonucu bu razılıq əldə edilib.

Qeyd edək ki, hazırda NATO-da ABŞ-dan sonra ikinci ən güclü ordu Türkiyənindir.

Mission News Theme by Compete Themes.