Bayraqdar.info – Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Xəbəri mayın 30-da Prezidentin Mətbuat xidməti yayıb.
Sərəncamda deyilir ki, Cəmiyyətə məxsus “AzTV, Mədəniyyət TV, İdman TV, “Azərbaycan Radiosu” və “Beynəlxalq Radio”nun ümumilikdə bir əsrə yaxın dövr ərzində formalaşmış zəngin audiovizual arxiv materiallarının keyfiyyətli, etibarlı və uzunmüddətli qorunub saxlanması işinin təkmilləşdirilməsi, əksər hissəsi Azərbaycan xalqının maddi-mənəvi sərvətinə çevrilmiş həmin materialların rəqəmsallaşdırılması və vahid bazasının yaradılması məqsədilə” 1 milyon manat vəsait ayrılsın.
Vəsaitin mənbəyi olaraq “2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu” göstərilib.
Sərəncamla Maliyyə Nazirliyinə də müvafiq tapşırıq verilib.