Press "Enter" to skip to content

Niyə bəs böylə bərəldirsən, a qare, gözünü…

Mirzə Ələkbər Sabir

Bayraqdar.info – Oxuyanda dodağımız qaçar, üzümüz gülər, eynimiz açılardı. Bizə onu oxumağı öyrətmişdilər. Onu sevdirmişdilər bizə. Həm də onu öyrətmişdilər ki, bu dahi insan, böyük Azərbaycanlı, türk oğlu türk millətin dərdinə o qədər aludə olubmuş ki, özünü belə unudub, xəstələnib, həyatının və yaradıcılığının aşıb-daşan vaxtında – cəmi 49 yaşında dünyasını dəyişib.

Sabirdən danışırıq. Əsl adı Ələkbər Zeynalabdin oğlu Tahirzadə olan, bizim isə Mirzə Ələkbər Sabir adıyla bildiyimiz o dahi şəxsiyyətdən.

“Molla Nəsrəddin”çi kimi bildiyimiz şair həm də hər yönüylə Şamaxılı idi. Doğulduğu torpağın bütün özəllikləri – gözəllikləri onda varmış. Baməzə sözləri, dərdi-səri belə zarafatla, xoş ovqatla dilə gətirməyi bacaran bir Şamaxılı balası idi Sabir.

Biz onu hələ Sovet dönəmində – orta məktəbdə oxuyanda çox sevmişdik. O sevdamız bir başladı, bu günə kimi heç bitmədi. Klassiklərdən nə oxuyaq deyəndə, ilk ağlımıza gələn Sabirin “Hophopnamə”si olur. İstənilən səhifəni açıb istənilən şeiri oxumaq yetər ki, könlümüz rövnəqlənsin, eynimiz işıqlansın…

Bu gün onun doğum günüdür. 30 may 1862-ci ildə Şamaxıda dünyaya göz açmış bu böyük şəxsiyyətin, millət fədaisinin 160 yaşı tamam olur. Hörmət və minnətlə anırıq. Oxucularımıza da onun ibrətamiz şeirlərindən birini təqdim edirik.

Şeirə keçməzdən öncə onu da qeyd edək ki, Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Ələkbər Sabir Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Yəni bizim təqdim etdiyimiz şeir də dövlət varidatıdır, bütün xalqa məxsusdur.

Nə yazım?

Mirzə Ələkbər SABİR

Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni ta yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım.

Niyə bəs boylə bərəldirsən, a qare, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!

Şərə məşğul edərik xatiri-qəmmayilimi,
Qoyuram qənşərinə kağızımı, çernelimi,
Gəlirəm yazmağa bir kəlmə, tutursan əlimi,
Qorxuram, ya nə üçün, çünki kəsirsən dilimi!

Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,
Hələ gördüklərimin dörddə birin yazmayıram!

Hələ mən dörddə birin yazmayıram, karına bax,
Üstümə gündə söyürsən bu qədər, arına bax,
Özün insaf elə, əfkarına, ətvarına bax!
İstəmirsən yazam? Öz eybli kirdarına bax!

Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!
Özünü, həm məni bu barədə diltəng eləmə!

Görür ərbabi-qələm qayeyi-amalınızı,
Məndən artıq yaza bilməkdə ikən halınızı,
Yazmır onlar dəxi on dörddə bir əfalınızı,
Özünüzsüz olara yazdıran əhvalınızı…

Yoxsa bu eyibdən aləmdə mübərradır olar,
Boylə alçaq yazıdan min kərə əladır olar!

Necə mən dörddə birin yazmağa əymən deyiləm,
Qorxur on dörddə birin yazmağa həm əhli-qələm;
Sən əgər söz verəsən: “Qorxma, qıl əhvalı rəqəm”,
Vəzi-halın yazılarsa zili zilu, bəmi bəm.

Elə bir halə düşərsə ki, tükün biz-biz olar,
Əyninə geyməyə şey tapmasan, astar üz olar!

Mission News Theme by Compete Themes.