Son yeniləmə: 28 May 2022 10:40
Bayraqdar.info – Siz heç qəfil qürurlandınızmı? Oldumu ki, birdən dünyanın harasındasa kimsə öz dövlətinin, xalqının irəli görüşlərilə öyünsün, siz də baxıb güləsiniz və sonra da deyəsiniz ki, sizin o dediklərinizi biz daha öncədən gördük, etdik və etməkdəyik.
Haşiyə: Ərəblərin Çingiz xanı islama dəvət etməsi olayını tarixi az-çox bilənlər bilir. Amma yenə də xatırlatmaqda yarar var. Ərəb elçiləri böyük xaqanın qəbuluna gəlib onu islama dəvət edirlər. Çingiz xan da qayıdır ki, islam nə olan şeydir, hələ bir izah edin görüm. Ərəblər deyir ki, o elə bir dindir ki, burada tək Tanrıya inanır, yalnız ona sitayiş edirik. Çingiz xan gülür və deyir: bunu indimi öyrənmisiniz siz? Mənim babalarım min illərdir tək Tanrını tanıyır, ona sitayiş edir. Sizin dininizlə işim olmaz mənim.
Çingiz xan olayındakı qüruru görməmək mümkün deyil. Yəni Tanrının tək olduğunu yenicə öyrənmiş ərəblər bununla qürurlanmaq, böyük xaqanı təəccübləndirmək istəyir. Amma Çingiz xan da daha üstün qürurla onlara deyir ki, mənim əcdadım tək Tanrını tanıyanda siz heç tarixdə yox idiniz.
Belə bir şeydir qürur. Biz Çingiz xan kimi məşhur, qüdrətli olmasaq da bəzən elə hallar olub ki, millətimiz və dövlətimiz adına qürurlandıqca qürurlanmışıq!
Belə qürurlu anlardan birini bir dəfə Almaniyanın paytaxtı Berlində yaşamışdım. Yaxın illərin söhbətidir. Bizi Berlin şəhər parlamentinin binası ilə tanış edən bələdçi qürurla qeyd etdi ki, bəs, sən demə almanlar 1918-ci ildə qadınlara seçki hüququnu tanıyan ilk Avropa xalqıdır. O, bunu elə şəstlə dedi ki, bizim – uzaq Qafqazlardan gəlmiş, örnək üçün bir Azərbaycan türkünün heyrətlənməsini gözləyirdi. Amma əksi oldu. Qayıtdım ki, mənim dövlətim də cəmi 2 il müstəqillik yaşayıb: 1918-20-ci illərdə. Bu iki il yetərli olub ki, həm də qadınlara seçmək və seçilmək haqqı tanınsın. Siz o almanın üzünü görəydiniz onda. Heyrətləndirmək istəmişdi, amma özü heyrətdən donub qalmışdı.
Belə! Mənim Cümhuriyyətim budur! Başda Məhəmməd Əmin Rəsulzadə olmaqla əcdadımız 1918-ci ilin məhz bu günü – 28 mayda bizə bir Cümhuriyyət qazandırmışdı! Ki, gələcək nəsillər olaraq biz başqa millətlər önündə alnıaçıq, başıdik gəzə bilək! Avropanın tam da ortasında, Almaniya kimi qüdrətli bir dövlətin paytaxtı Berlinin şəhər parlamentində bir Azərbaycan türkü olaraq yaşadığım qürura görə M.Ə.Rəsulzadə və o möhtəşəm Cümhuriyyəti quran hər kəsə minnətdaram!
Amma nə yazıq ki, qanlı Rusiya imperiyası o Cümhuriyyəti də boğdu, yox etməyə çalışdı! 1920-ci ilin 28 aprelində Azərbaycanı yenidən işğal edən Quzey ayısı sonrakı mərhələdə bizi bir millət olaraq yox etmə yolu tutdu. Bəzən bunu bacardı da. Lakin millətin qan və gen yaddaşı bizi yaşatmağa davam etdi, 70 illik əsarətdən sonra yenidən o müstəqilliyi bərpa etdik!
O dönəmdə Osmanlı dövləti də bizə kömək etmək istəyirdi. Bunun üçün gerçək işlər də görülmüşdü. Nuru Paşa komutasındakı Qafqaz İslam Ordusu qısa müddət ərzində Bakını ermənilər də daxil olmaqla hər cür tör-töküntüdən azad etmişdi. Amma Rusiya da daxil olmaqla hər cür qaniçən dünya güclərinin diş qıcadığı Osmanlı elə bir halda idi ki, nəinki bizi, heç özünü belə sonadək qoruya bilmədi. Belə bir durumdan istifadə edən Rusiya yenidən Azərbaycanı işğal etməyi bacardı!
Sonra!
Sonra isə böyük Qazi Mustafa Kemal Atatürk başqanlığında 1923-cü ildə Türkiyə Cümhuriyyəti quruldu. Osmanlının külləri üzərində yavaş-yavaş möhtəşəm bir Türkiyə boy verməyə başladı. Elə bir Türkiyə ki, Azərbaycan ikinci dəfə müstəqilliyini qazananda ona arxa-dayaq ola biləcəkdi.
Düzdür, müstəqilliyin ilk illərində Türkiyə Cümhuriyyəti indiki qədər dəstək ola bilmirdi öz qardaşına. Amma illər keçdikcə o da qüdrətini artırdı, dünya gücünə çevrildi və müstəqilliyini bərpa etmiş Azərbaycana, digər türk dövlətlərinə gerçək dəstək ola bildi!
Bu gün Azərbaycan dövləti özünün kiçik ərazisinə və az saylı əhalisinə baxmayaraq dünyanın ən sayılıb-seçilən dövlətlərindəndir. Dünyanın ən böyük gücləri Azərbaycanla mütləq yaxın olmaq istəyir. Və belə bir durumda yanımızda həm də qardaş Türkiyə var. Elə bir Türkiyə ki, 30 il öncə Azərbaycan erməni işğalçılarından vətəndaşlarımızı xilas etmək üçün helikopter istəyəndə verə bilməyən Türkiyədən qat-qat qüdrətlidir!
Bugünün Türkiyəsi bizim üçün əlavə güvənc yeridir. Biz öz qüdrətimizə həm də qardaş Türkiyənin qüdrətini əlavə edəcək bir yüksəkliyə çatmışıq artıq. Ona görə də dünyanın ən böyük gücləri belə bizimlə ehtiyatla davranmalı olur.
Belə! Daha bir Cümhuriyyət bayramımız – Müstəqillik Günümüz də qürurla qeyd edilir. İndi biz həm də ona görə qürurluyuq ki, M.Ə.Rəsulzadə və silahdaşlarının bizə miras qoyub getdiyi Azərbaycan Xalq Cümhuriyyətinə aid torpaqların hamısını olmasa da bir qismini Ermənistanın işğalından azad etmişik. Qarabağımızı, Şərqi Zəngəzuru düşməndən azad etmənin qüruruyla artıq ikinci ildir ki, bu bayramı – 28 Mayı qeyd edirik!
Və bayramda da yanımızda qardaşımız – qüdrətli Türkiyə dövləti var. Günlərdir Bakının səmalarında Türkiyə təyyarələri uçur! Azərbaycanla Türkiyə bir zamanlar əcdadımızın arzu etdiyi o birliyə nail olmağı bacarıb artıq!
Əlbəttə ki, bu böyük uğurla bağlı günümüzün siyasi liderlərinin də haqqını verməliyik. Prezident İlham Əliyevlə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın qardaşcasına, hər iki dövlətin mənafeyi üçün çiyin-çiyinə çalışmasıdır bizə bu qədər üstün qüruru yaşadan!
Müstəqillik günümüz qutlu olsun! Müstəqilliyimiz əbədi olsun! Türkün gücü tükənməsin! Azərbaycan qardaş türk dövlətləri – Qazaxıstan, Qırğızıstan, Kuzey Kıbrıs Türk Cümhuriyyəti, Özbəkistən, Türkiyə və Türkmənistanla, həmçinin hələ də azadlığına qovuşmamış Doğu Türküstan, Güney Azərbaycan, Güney Türküstan, Krım, Gagauz Yeri, Tatarıstan, Başqurdıstan, Yakutiya-Saxa, Çuvaşıstan, Xakasiya, Tıva, Qaraçay, Balkar və daha neçə-neçə türk yurdlarıyla birlikdə əbədi yaşasın!