Son yeniləmə: 27 May 2022 13:42
Bayraqdar.info – Mayın 27-də Rusiyanın Primorsk diyarının qanunverici orqanında qubernatorun hesabatı dinlənilərkən sıradışı hadisə yaşanıb.
Rusiyanın Federal Press nəşrinin xəsisliklə təqdim etdiyi məlumatdan bəlli olur ki, parlament dinləmələri zamanı Kommunist Partiyasından olan deputat Leonid Vasyukoviç Prezident Vladimir Putinə ünvanlı müraciəti səsləndirib. Bu zaman daha bir deputat – Gennadi Şulga da ona qoşulub. Parlamentin sədri Aleksandr Rolik onları dayandırmağa çalışsa da buna nail ola bilməyib. Məsələyə Primorskun qubernatoru Oleg Kojemko qarışaraq deputatları dayandırıb və onların zaldan çıxarılmasını tələb edib.
Kommunist deputatlar V.Putinə müraciətlə Ukraynadakı müharibəni dayandırmağı və qırğına son qoymağı tələb ediblər.
“Biz başa düşürük ki, əgər ölkəmiz hərbi əməliyyatı dayandırmasa yetimlərin sayı daha da artacaq. Hərbi əməliyyatların gedişində insanlar əlil olur. Bunlar ölkəmizə çox böyük fayda verə biləcək gənclərdir… Biz Rusiya silahlı qüvvələrinin [Ukraynadan] təcili çıxarılmasını tələb edirik”, – deyə bəyanat müəllifləri bildirib. Düzdür, bu sitatı Federal Press təqdim etməyib.
Üsyançı deputatların bəyanatını alternativ mənbələr yayıb.