Press "Enter" to skip to content

Kanada mətbuatında Leyla Məmmədbəyovadan bəhs edilib

Son yeniləmə: 27 May 2022 18:19

Bayraqdar.info – Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Şərqin ilk təyyarəçi qadınının irsinə ehtiram göstərək” sərlövhəli məqalə dərc olunub.

Bu barədə bayraqdar.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, siyasi şərhçi Reyçel Avrahamın müəllifi olduğu məqalədə əksər qadınların həyat yoldaşı və anadan fərqli rolda çıxış etməyə cəsarət göstərmədiyi bir dövrdə Leyla Məmmədbəyovanın təkcə Azərbaycan tarixində deyil, eləcə də Qafqazda, Cənubi Avropada və müsəlman Şərqində ilk təyyarəçi qadın kimi şöhrət qazandığı qeyd edilib: “Məqalədə vurğulanıb ki,“səmanın xanımı” ləqəbli azərbaycanlı Leyla Məmmədbəyova 1931-ci ildə Cənubi Avropadan Mərkəzi Asiyaya təkbaşına uçan ilk təyyarəçi qadın olub. 1941-ci ilə qədər o, sovet ordusunda yüzlərlə hərbi təyyarəçi və 4000-ə yaxın paraşütçü yetişdirərək, eskadron komandiri rütbəsinə qədər yüksəlib, bütün bunların fonunda altı uşaq da böyütməyə imkan tapıb”.

Qeyd edilib ki, İkinci Dünya müharibəsi illərində faşistlərə qarşı vuruşmuş sovet pilotlarını yetişdirən cəsarətli qadın L.Məmmədbəyova yaşadığı müddətdə canlı əfsanə və qadınların əlçatmaz saydıqları arzuların rəmzi olub: “1930-cu illərin ortalarında Moskvanın “Oqonyok” jurnalı onun şəklini üz qabığına qoyaraq yazırdı: “Azərbaycan qadını Şərqin ilk təyyarəçi qadınıdır”.

Vurğulanıb ki, Məmmədbəyovanın və tarixdəki digər ilklərə imza atmış qadınların irsinə ehtiram sərgiləmək çox vacibdir, çünki onların bacardıqları heç zaman adi hal kimi qəbul edilməməlidir.

Mission News Theme by Compete Themes.