Son yeniləmə: 26 May 2022 09:36
Bayraqdar.info – “Bizim ölkələr dost, qardaş ölkələrdir. Bu ölkələr arasında bütün sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlığın genişlənməsi önəm kəsb edir”.
Bunu mayın 24-də Şamaxıda keçirilən Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşünün nəticələrini bayraqdar.info üçün şərh edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.
O, qeyd edib ki, iclas məhsuldar oldu və turizm sahəsində əməkdaşlığa dair vacib məsələlərin müzakirəsi və qərarların qəbulu ilə yadda qaldı: “Məlum olduğu kimi iclasda “Türk Dünyası Turizm Paytaxtı təşəbbüsü” ilə bağlı qaydaları təsdiq edilib və “Türk Dövlətləri Təşkilatının Turizm üzrə Yol Xəritəsi” sənədi qəbul edildi. Həmçinin, Şamaxı şəhəri 2022-ci il üçün “Türk dünyasının turizm paytaxtı” seçildi”.
Onun sözlərinə görə, iclasda “Müasir İpək Yolu” turizm marşrutu kimi müştərək turizm məhsullarının yaradılması istiqamətində işlərin intesivləşdirilməsinin vacibliyi vurğulanıb. “Hesab edirik ki, “Müasir İpək Yolu” turizm marşrutunun inkişaf etdirilməsi ölkələrimiz arasında inkişaf etməkdə olan əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. Ümumiyyətlə İpək yolu brendi adı altında olan turistik məhsulların gücləndirilməsi, daha geniş coğrafiyaya çıxarılması, milli tarixi irsimizin tanıdılması, təşkilata daxil olan dövlətlərin bir-biri arasında turistik əlaqələrin genişləndirilməsi və digər ölkələrdən bölgələrimizə turistlərin cəlb edilməsi, o cümlədən kombo turlarla bağlı məsəlkələr çərçivəsində bir neçə məhsullar var ki, iclasda müzakirə olundu”.
K.Quluzadə deyib ki, İpək yolu üzərində kombu turlar, yəni birgə marşurutların təşkili həm daxili turizmin inkişafına, yəni Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin vətəndaşlarının həmin ölkələrin turizm potensialından birgə istifadə etməsinə imkan yaradacaq, həm də xaricdən, digər ölkələrdən daha çox turist cəlb ediləcək.
Azərbaycanın konkret olaraq gözləntilərinə gəlincə müsahibimiz “Bizim fokslandığımız əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin turizm potensialının türk dövlətlərində daha geniş təbliğ olunmasıdır”, – deyib.
O da vurğulanıb ki, ümumilikdə bu tədbir türk dövlətlərində turizminin inkişafına öz töhfəsini verəcək.