Son yeniləmə: 26 May 2022 16:42
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bakı Reabilitasiya Mərkəzinə mediatur təşkil edib. Mətbuat nümayəndələri 44 günlük Vətən müharibəsi qazilərinə mərkəzdə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olublar.
Bu barədə ƏƏSMN-dən bayraqdar.info-ya mayın 26-da məlumat verilib: “Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illərdə müasir tələblərə uyğun qurularaq istifadəyə verilən reabilitasiya mərkəzləri şəbəkəsi Vətən müharibəsində yaralanmış qazilərimizin bərpa müalicəsi və sosial-psixoloji xidmətlərlə təminatında xüsusi önəm kəsb edir. Postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində müharibədə yaralanmış qazi və yaxınlarının, habelə şəhid ailəsi üzvlərinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir. Artıq 2 min 500-dən artıq şəxs bu xidmətlərlə əhatə olunub. Təkcə Bakı Reabilitasiya Mərkəzində isə postmüharibə dövründə 354 qaziyə stasionar və ambulator reabilitasiya xidmətləri göstərilib”.
“Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 200 hərbçi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib. Eləcə də postmüharibə dövründə 1400 müharibə əlilinə 18 min reabilitasiya vasitəsi verilib, 2500 hərbçi reabilitasiya xidmətləri ilə təmin edilib.
“Həmin müharibədə yaralanmış və müalicə kursları bitmiş hərbi qulluqçulardan 2 min 900-dən çox şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Həmçinin onlara e-sistem üzərindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər təyin olunub, birdəfəlik sığorta ödənişləri verilib.
“Mətbuat nümayəndələri Mərkəzdə yaradılan şəraitlə və Vətən müharibəsi qazilərinə göstərilən xidmətlərlə, burada tətbiq olunan fizioterapevtik prosedurlarla tanış olublar”, – deyə məluamtda bildirilib.