Press "Enter" to skip to content

Qoşulmama Hərəkatının təkamülündə Afrika irsi

C.Bayramov “Qoşulmama Hərəkatının təkamülündə Afrika irsi” mövzusunda konfransda çıxış edərkən

Son yeniləmə: 26 May 2022 17:00

Bayraqdar.info – Mayın 26-da Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə “Qoşulmama Hərəkatının təkamülündə Afrika irsi” mövzusunda konfrans keçirilib. Afrika gününə həsr olunmuş konfransın əsas məqsədi Qoşulmama Hərəkatı (QH) tarixində Afrika irsinin rolu və Hərəkatın hazırki beynəlxalq münasibətlər konyukturasında Afrika qitəsindən olan ölkələrin maraqlarını daha yaxşı təbliğ etməsinə dair müzakirələrin aparılması olub.

XİN-dən bayraqdar.info-ya verilən məlumata görə, xarici işlər naziri Ceyhun Bayramov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev və Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarşın açılış nitqi ilə çıxış etdiyi konfransda Azərbaycanda akkreditə olunmuş diplomatik korpus, akademik dairələr, tədqiqatçılar, Afrika Birliyi ölkələri, həmçinin QH-yə üzv ölkələrdən olan tələbələr və çoxsaylı media nümayəndələri iştirak edib: “Konfransda açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov, Azərbaycanın Afrika ölkələri ilə artan xətt üzrə inkişaf edən əməkdaşlıq əlaqələrinin yeni müstəviləri əhatə etdiyini bildirib. Azərbaycanın QH-yə sədrliyi çərçivəsində Azərbaycan və Afrika qitəsi ölkələri arasında mövcud münasibətlərin yeni mərhələyə qədəm qoymasını məmnunluqla qeyd edən nazir Ceyhun Bayramov, Hərəkatın hazırki sədri qismində Azərbaycanın Afrika qitəsini fəaliyyət dövründə diqqət mərkəzində saxlanılması üçün prioritet regionlardan biri kimi müəyyən etdiyini diqqətə çatdırıb. Afrikanın böyük potensiala malik olan bir qitə kimi əhəmiyyətinə diqqət çəkən nazir Ceyhun Bayramov, bu konfransın qlobal sülhün və inkişafın təmin edilməsində Afrika qitəsinin tarixi, bu günü və gələcək rolu haqqında məhsuldar müzakirələr aparmaq üçün yaxşı fürsət olduğunu bildirib”.

“Həmçinin, 25 may 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tərəfindən Afrika günü münasibətilə Afrika Birliyi Komissiyasının sədri Musa Faki Mahamata və Afrika Birliyinə hazırda sədrlik edən ölkə qismində Seneqal Respublikasının xarici işlər naziri Aissata Tol Sola məktublar ünvanlanmışdır. Məktublarında nazir Ceyhun Bayramov, qarşı tərəfə Afrika Günü münasibətilə öz səmimi təbriklərini çatdırıb. Nazir Ceyhun Bayramov QH-yə sədrliyimiz dövründə Azərbaycanın Afrika ilə münasibətlərinin daha da inkişaf etməsinin qürurverici olduğunu ifadə edib. Nazir, Azərbaycanın QH-yə sədrliyi dövründə pandemiyanın inkişaf etməkdə olan ölkələrə, xüsusilə Afrika ölkələrinə təsirini minimuma endirmək istiqamətində qlobal təşəbbüsləri geniş şəkildə təşviq etdiyini vurğulayıb. Məktublarında nazir Ceyhun Bayramov, Azərbaycanın istər QH sədrliyi dövründə, istərsə də ondan sonra Afrika ölkələri də daxil olmaqla bütün QH üzvləri ilə çoxtərəfliliyin təşviqi, eləcə də QH üzv ölkələri arasında əməkdaşlıq, dostluq və həmrəyliyin gücləndirilməsi uğrunda səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb”, – deyə məlumatda bildirilib.

Mission News Theme by Compete Themes.