Press "Enter" to skip to content

Eskişehirdə Azərbaycan ab-havası

Eskişehir Osmangazi Universitetində Azərbaycan Mədəniyyət və İncəsənət Günləri

Son yeniləmə: 26 May 2022 09:50

Prof. Dr. Kemal Şenocak: Azərbaycanlılar bizim can qardaşlarımızdır

Bayraqdar.info – 24-25 may tarixlərində Türkiyənin Eskişehir Osmangazi Universitetində Azərbaycan Mədəniyyət və İncəsənət Günləri keçirilib. 28 May – Müstəqillik Günü və Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30 illiyi münasibətilə təşkil edilmiş tədbirlərdə rəsmi şəxslər, diplomatlar, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Rektorla görüş

Bu barədə bayraqdar.info-ya Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, proqram Azərbaycanın Türkiyədəki səfirliyinin, İstanbuldakı Baş Konsulluğunun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Eskişehir Osmangazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Fotosərginin açılışı

Proqramın ilk günü – mayın 24-də səfir Rəşad Məmmədov Universitetin rektoru Prof. Dr. Kemal Şenocakla görüşüb: “Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, millət vəkili Fazil Mustafa və UNEC-in prorektoru Gəray Musayevin də iştirak etdiyi görüşdə Osmangazi Universitetinin rəhbərliyinə proqrama göstərdiyi dəstəyə görə təşəkkür edilib, bu kimi tədbirlərin təşkilinin Azərbaycan mədəniyyəti və incəsənətinin qardaş ölkənin gənc nəslinə daha yaxından tanıdılmasına töhfəsi vurğulanıb”.

Fotosərgiyə baxış zamanı

Səfirlikdən bildirilib ki, görüş sonrası Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyini əks etdirən fotosərginin açılışı olub. Fotosərginin açılışından sonra mərasimin rəsmi hissəsi Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Mərasimdə çıxış edən səfir R.Məmmədov Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi xarakterini vurğulayıb. O, bu münasibətlərin türk dünyası üçün önəmini qeyd edib.

Baş konsul N.Mustafayeva çıxışında bu kimi qarşılıqlı mədəni tədbirlərin keçirilməsinin ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətini qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Fazil Mustafa iki qardaş ölkə arasında münasibətlərin tarixinə diqqət çəkib. O, Azərbaycan və Türkiyənin hər zaman bir-birini bütün platformalarda dəstəklədiyini qeyd edib.

Prof. Dr. K.Şenocak Eskişehirdə belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən bəhs edib. “Azərbaycanlılar bizim can qardaşlarımızdır. Hər birisi beş barmağımızdan biridir”, – deyən rektor əminliklə bildirib ki, dostluğumuz və qardaşlığımız əbədiyyətə qədər eyni məhəbbətlə davam edəcək.

Rektor çıxışında həmçinin 44 günlük Vətən müharibəsi və Azərbaycanın qazandığı möhtəşəm zəfəri vurğulayaraq, bunu türk dünyası tarixinin ən parlaq səhifələrindən biri kimi səciyyələndirib.

Məlumata əsasən, UNEC-in prorektoru G.Musayev çıxışında Azərbaycanda keçirilən təhsil islahatlarına xüsusi yer verib. O, UNEC-in Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.

Məlumatda qeyd edilib ki, proqramın bədii hissəsində UNEC – in Yaradıcılıq Mərkəzinin və Türkiyədə fəaliyyət göstərən “Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyinin musiqi qrupları öz çıxışları ilə Azərbaycanın zəngin musiqisini və xalq rəqslərini nümayiş etdiriblər.

Proqram tamaşaçılar tərəfindən maraq və heyranlıqla qarşılanıb.

Tamaşadan bir səhnə

Sonda yaradıcı heyətə, həmçinin tədbirin hazırlanmasında əməyi keçənlərə xatirə plaketləri təqdim edilib.

Səfir Rəşad Məmmədov və Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydın
Səfir Rəşad Məmmədov və Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydın

Səfirlikdən verilən məlumata əsasən proqramın ikinci günü, mayın 25-də isə UNEC Yaradıcılıq Mərkəzi teatr heyəti tərəfindən “Yarımçıq qalmış….” tamaşası səhnələşdirilib.

İzləyici marağına səbəb olan tamaşa sonrası teatr heyətinin üzvləri təltif olunublar.

Üniversitemizdeki Yabancı Öğrencilerin Yüzde 20’si Azerbaycan Uyruklu

Mission News Theme by Compete Themes.