Press "Enter" to skip to content

Suvarılmanın mütəşəkkil aparılması vacibdir

Yeni nov kanallar

Son yeniləmə: 25 May 2022 15:43

Bayraqdar.info – Neftçala rayonunda kənd təsərrüfatının inkişafı artan sürətlə davam edir.

Bunu bayraqdar.info-ya Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

O qeyd edib ki, rayon ərazisində əkilən müxtəlif növ bitkilərdən hər il bol məhsul əldə olunur: “Məhsuldarlığın artması üçün isə suvarma mövsümündə suvarılmanın mütəşəkkil aparılması vacibdir. Bunun üçün Neftçala Suvarma Sistemləri İdarəsi var gücü ilə çalışır. 1978-ci ildən fəaliyyət göstərən idarə Neftçala rayonunun 38158 hektar suvarılan torpaq sahəsinə xidmət edir. Bu işin keyfiyyətli təmin edilməsi üçün 44 nasos stansiyadan və 1394 ədəd hidrotexniki qurğudan istifadə edilir. Suvarma mövsümünə qədər bütün nasos stansiyalarda təmir işləri aparılıb və hər biri saz vəziyyətə gətirilib”.

Bildirilib ki, Neftçala rayonunda hazırda 5 min560 hektarda pambıq aratı aparılıb, 39 min 296 hektarda dənli bitkilər, 8 min 77 hektarda isə yem bitkiləri suvarılıb: “8 ədəd hidrotexniki qurğu təmir edilib, 85 km kanal lildən təmizlənib. Rayonun əsas su mənbəyi olan Kür çayından 83 milyon m3 su qaldırılaraq əkin sahələrinə ötürülüb. Əkin sahələrinin suvarılması üçün nasos stansiyalarla yanaşı 1 min 26 km suvarma kanallarından da istifadə olunur. Suvarma suyunun itkisiz və daha sürətlə su istifadəçilərinə çatdırılması üçün isə latok sistemi yenilənib və bu proses davam edir. Yeni nov kanallar təkcə yeni görkəmi ilə deyil, həmdə suvarma suyunu vaxtında fermerlərə çatdıra bilir”.

O da qeyd edilib ki, Neftçala rayonunda 2022-ci il üçün 38 min 158 hektarda əkin aparılıb ki, bundan da 8 min 700 hektarı pambıq, 21 min 500 hektarı dənli bitkilər, 6 min 221 hektarı yem bitkiləri və 1 min 737 hektar sair əkinlərdir.

Mission News Theme by Compete Themes.