Press "Enter" to skip to content

Rus işğalçılar 4 minədək dinc ukraynalını öldürüb

Viran edilmiş Ukrayna

Son yeniləmə: 25 May 2022 10:05

Bayraqdar.info – Mayın 24-də BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı hesabat yayaraq bildirib ki, Rusiya işğalçıları fevralın 24-dən mayın 23-dək olan dövrdə Ukraynada ən azı 3 min 942 nəfər dinc sakini öldürüb. Eyni zamanda ruslar ən azı 4 min 591 dinc ukraynalını da yaralayıb.

Öldürülən dinc sakinlərin 1 min 489-u kişi, 976-sı qadın, 90-ı qız və 99-u oğlanlardır. Eyni zamanda öldürülmüş 69 uşağın və 1 min 219 yetkinlik yaşını keçmiş şəxsin cinsiyyəti müəyyən edilə bilməyib.

Yaralılara gəlincə, onlardan 908-i kişi, 603-ü qadın, 107-si qız və 128-i oğlanlardır. Yaralanmış 164 uşağın və 2 min 681 yetkinlik yaşını keçmiş şəxsin cinsiyyəti hələ dəqiqləşdirilməlidir.

Komissarlıq onu da bildirir ki, təqdim edilən rəqəmlər son deyil. Sadəcə ölkədə hərbi əməliyyatlar davam etdiyindən bütün ölüm və yaralanma halları haqqında informasiya almaq mümkün deyil. O baxımdan Komissarlıq rəqəmlərin daha yüksək olduğuna inanmaqdadır.

Əlavə edək ki, Rusiyanın Krımı işğal etdiyi 2014-cü ildən başlayaraq BMT-nin sözü gedən Komissarlığının Ukraynada İnsan Haqları Monitoring Missiyası fəaliyyət göstərir. Təqdim edilən bilgilər də məhz o Missiyanın müşahidələri əsasında toplanıb.

Onu da qeyd edək ki, Ukrayna tərəfi rus işğalçılarının ən azı 238 uşağı öldürdüyünü, 433-ünü yaraladığını müəyyən edə bilib.

Mission News Theme by Compete Themes.