Bayraqdar.info – Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Estoniya parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Görüşdə İ.Əliyev Azərbaycanla Estoniya arasında münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib, qarşılıqlı təmasların önəmini qeyd edib. O, bu baxımdan Azərbaycan parlamenti sədrinin Estoniyaya, Estoniya parlamenti sədrinin isə Azərbaycana səfərinin həm ikitərəfli münasibətlərin, həm də parlamentlərarası əməkdaşlığın genişlənməsinə töhfə verdiyini bildirib.
İ.Əliyev Y.Ratasın başçılığı altında nümayəndə heyətinin Şuşaya səfərinin ermənilərin həmin ərazilərdə işğal dövründə törətdikləri genişmiqyaslı dağıntıları öz gözləri ilə görmələri baxımından çox önəmli olduğunu vurğulayıb.
“Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunan dövlət başçısı Brüsselə son səfərinin nəticələrini çox müsbət qiymətləndirdi və səfər zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatını qeyd edərək, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasında vacib rol oynadığını bildirdi. Dövlət başçısı Avropa İttifaqı ilə əlaqələrin ölkəmiz üçün önəmini qeyd edərək, bu əlaqələrin çoxşaxəli olduğunu və ənənəvi enerji sahəsindən əlavə digər istiqamətləri də əhatə etdiyini dedi və qeyd etdi ki, ölkəmizdə yaradılan müasir nəqliyyat infrastrukturu və Azərbaycanın Xəzəryanı dövlətlər, eləcə də Qərb istiqaməti üzrə bağlantıları Avropa ilə Asiya arasında qarşılıqlı əlaqədə çox mühüm rol oynayacaq”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “Y.Ratas ilk növbədə 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik etdi, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasının önəmini vurğuladı. Y.Ratas Bakıya səfəri zamanı səmərəli və məhsuldar görüşlər keçirdiyini diqqətə çatdırdı. Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı”.