Son yeniləmə: 25 May 2022 11:52
Bayraqdar.info – Xəbər verdiyimiz kimi Azərbaycanın Vətən müharibəsi qazilərinin bir qrupu mayın 13-də qardaş Türkiyədə səfər edib.
Səfər Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi ilə Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Kifayət qədər zəngin proqrama malik səfər mayın 23-də başa çatıb. Səfər zamanı keçirilən görüşlərin bəziləri ilə bağlı məlumat vermişdik.
Bu arada isə bəlli olub ki, Azərbaycan qaziləri səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisində də olub. Bu barədə bayraqdar.info-ya “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin Emin Həsənli məlumat verib.
O, qeyd edib ki, TBMM-də qardaş ölkənin millət vəkilləri ilə görüş keçirilib: “Eyni zamanda Türkiyə Böyük Millət Məclisinin Baş katibi cənab Mehmet Ali Kumbuzoğlu ilə də görüşdük”.
E.Həsənli deyib ki, nümayəndə heyəti Türkiyə milli müdafiə nazirinin müavini cənab Şuay Alpay ilə də görüşüb: “Bu görüş də maraqlı anlarla yadda qaldı. Ümumiyyətlə qazilərin Türkiyədəki görüşləri xüsusi diqqət mərkəzində oldu. Türkiyənin ayrı-ayrı nazirlik və qurumları, millət vəkilləri, yerli təşkilatların təmsilçiləri qazilərlə görüşə can atırdı. Hər belə görüş isə tarixi anlarla yadda qalır. Hesab edirik ki, bu layihə davamlı olmalıdır və buna çalışacayıq”.
O da vurğulanıb ki, səfər zamanı qazilər İstanbul, İzmit , Ankara və Konya şəhərlərində tarixi, turistik məkanları da ziyarət ediblər. Bu ziyarətlər zamanı müvafiq şəhərlərin rəhbəliyi ilə də görüşlər keçirilib.