Press "Enter" to skip to content

ABŞ bir daha Qarabağsız müzakirələrə işarə etdi

ABŞ Dövlət Departamenti

Son yeniləmə: 25 May 2022 10:50

Bayraqdar.info – Mayın 24-də ABŞ Dövlət katibi Entoni Blinkenin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı olub.

Xəbəri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yayıb.

Xəbərdə deyilir ki, tərəflər Güney Qafqazda sülhlə bağlı müsbət məqamları müzakirə ediblər. Dövlət katibi ABŞ-ın sərhəd məsələlərində köməyini təklif edib, bölgədə kommunikasiyaların bərpası ilə bağlı erməni tərəfini həvəsləndirib. O, Güney Qafqazdakı problemləri həll etmək üçün ikitərəfli dialogun önəmini vurğulayıb. Eyni zamanda Avropa Birliyinin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında keçirilən danışıqlara ABŞ-ın dəstəyini bir daha təsdiqləyib.

O da bildirilir ki, E.Blinken Azərbaycanla Ermənistan arasında geniş əhatəli və davamlı sülhün əldə edilməsi üçün ikitərəfli və ATƏT-in Minsk Qrupu kimi bənzər formatlara ABŞ-ın dəstəyini yenidən ifadə edib. Dövlət katibi həm də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasının önəmini qeyd edib.

Yəni N.Praysın yaydığı xəbər bundan ibarətdir.

Göründüyü kimi, xəbərdə Qarabağın adı belə keçmir. Keçməsi də gözlənilmirdi. Çünki ABŞ üçün Qarabağ məsələsi bitib. Okeanın o tayındakı super dövləti düşündürən tək bir məsələ var: Azərbaycanla Ermənistanın münasibətləri normallaşsın, Türkiyə də Ermənistanla normal qonşuluq münasibətlərinə yaşıl işıq yandırsın.

Bu isə o deməkdir ki, Ermənistanın hər iki türk dövləti ilə münasibətlərinin normallaşması o ölkənin də nəhayət ki, Rusiyanın təsirindən asılılığını minimuma endirəcək.

ABŞ Azərbaycanla bağlı arxayındır. Çünki bu ölkə Prezident İlham Əliyevin yetərincə rasional siyasəti nəticəsində müstəqil mövqe yürüdə bilir.

Türkiyə isə bütün ziddiyyətlərinə baxmayaraq NATO üzvü kimi ABŞ-ın birbaşa müttəfiqidir.

Güney Qafqazın digər ölkəsi Gürcüstanla bağlı da problem yox kimidir.

Ortada qalan tək Ermənistandır ki, o da ABŞ-ın əsas müttəfiqləri olan Azərbaycanla Türkiyə üçün başağrısıdır. Bu başağrısı nə qədər tez aradan qaldırılarsa, ABŞ üçün də o qədər yaxşı olacaq.

Bəs ABŞ-ın Ermənistanı beləcə haqq yola gətirdikdən sonrakı planları nədir? Planlar Azərbaycan üzərindən Orta Asiyaya daha intensiv hərəkət edə bilmək üzərində qurulub ki, bu da başqa söhbətin mövzusudur.

Mission News Theme by Compete Themes.