Press "Enter" to skip to content

Əbədi sülhə doğru atılan daha bir addım

Naqif Həmzəyev

Son yeniləmə: 25 May 2022 16:14

Naqif Həmzəyev: Avropa İttifaqı da regionda əbədi sülhün əldə edilməsində maraqlı olduğunu sərgiləyir

Bayraqdar.info – “Mayın 22-də Brüsseldə tərəflər arasında keçirilən və 5 saat davam edən görüş maraqlı məqamlarla yadda qaldı. Ümumiyyətlə, bu görüş regionda əbədi sülhə doğru atılan daha bir addım oldu”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, görüş ümumilikdə Azərbaycanın maraqlarına uyğun nəticələnib: “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşdən sonra verdiyi açıqlamadan da bəlli olduğu kimi, üçtərəfli görüşdə əvvəla “Dağlıq Qarabağ” ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib. İkincisi, status məsələsi ümumiyyətlə olmayıb. Yəni yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və onların təhlükəsizliyinə təminat verəcəyini bəyan edib. Rusiya sülhməramlıları regionu tərk etdikdən sonra da Azərbaycan erməni əhalisinin təhlükəsizliyini təmin edəcək”.

Millət vəkili deyib ki, görüşdə humanitar sahədə də əməkdaşlığın davam etdirilməsi qərara alınıb: “Bu da bizim uğurumuzdur. Yəni görüşdə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi müzakirə olunub ki, bu da Azəraycanın hər zaman önə çıxardığı məqamlardandır”.

Bildirilib ki, görüşü Azərbaycan üçün məhsuldar edən daha bir məqam iki ölkə sərhədində sərhəd komissiyalarının ilk birgə iclasının keçirilməsinin razılaşdırılmasıdır: “Bəlli olduğu kimi, komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. Bu da Azərbaycanın tələb etdiyi məsələlərdən biri idi”.

“Təbii ki, kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinməsi də Azərbaycanın aktivinə yazılmalıdır. Həm bu, həm də sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığa gəlinməsi iki ölkə arasında daimi sülhün əldə edilməsinə aparan yolda növbəti önəmli addımdır. Görünən odur ki, əbədi sülhün əldə edilməsi istiqamətində Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında addımlar atılır. Avropa İttifaqı da bunu dəstəkləməklə regionda əbədi sülhün əldə edilməsində maraqlı olduğunu sərgiləyir”, – deyə millət vəkili sonda əlavə edib.

Mission News Theme by Compete Themes.