Son yeniləmə: 24 May 2022 15:09
Bayraqdar.info – “Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyasına və məşğulluğuna dəstək verilməsi Prezident İlham Əliyevin sosial siyasətinin mühüm tərkib hissəsidir”.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev “PAŞA Bank ilə başla” layihəsinin yekunlarına dair tədbir deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bayraqdar.info-ya verilən məlumat görə, ƏƏSMN, “PAŞA Bank” və ADA Universitetinin birgə icra etdiyi layihədə məqsəd əlilliyi olan şəxslərin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına xidmət etməkdir: “Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü Cəlal Orucov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və b. iştirak ediblər”.
Tədbirdəki çıxışından A.Əliyev əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyasına və məşğulluğuna dəstək verilməsi istiqamətində ardıcıl addımlar atıldığını deyib: “Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında önəmli rola malik olduğunu vurğulayıb. Bildirib ki, “PAŞA Bank”ın Korporativ Sosial Məsuliyyət layihələrindən biri olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ADA Universiteti ilə birgə icra olunan “PAŞA Bank ilə başla” layihəsi də əlilliyi olan şəxslərin bilik və bacarıqlarının, məşğulluq imkanlarının artırılmasına öz töhfəsini verir”.
Məlumata əsasən tədbirdə çıxış edən C.Orucov və F.İsmayılzadə layihənin Azərbaycanda həssas əhali qrupları, o cümlədən əlilliyi olan şəxslərlə bağlı aparılan dövlət siyasətinin icrasına dəstək məqsədi daşıdığını vurğulayıblar: “Qeyd olunub ki, layihə üzrə 5 sahə (“SQL proqramlaşdırma”, “Help desk”, “Çağrı mərkəzi”, “Qrafik dizayn”, “Rəqəmsal marketinq”) üzrə təlimlər keçirilib. Təlimlərin yekununda bilik səviyyəsinin yoxlanılması məqsədi ilə keçirilən imtahanlardan 68 nəfər uğurla keçib. Layihənin yekun mərhələsində 20 iştirakçı isə bir neçə şirkətdə təcrübə qazanmaq imkanı və iş yeri əldə edib”.
Həmçinin “Korporativ DOST” könüllü altproqramı çərçivəsində də layihə üzrə 7 sessiyadan ibarət təlimlər təşkil olunub: “Təlimlərdə əlilliyin qiymətləndirilməsi strategiyaları və tibbi-sosial reabilitasiya, DOST Agentliyi tərəfindən əlilliyi olan şəxslərə göstərilən xidmətlər, əlilliyi olan şəxslərin işə qəbul proseduru, sosial xidmət sahəsində əlilliyi olan şəxslərə göstərilən xidmətlər və s. mövzular tədris olunub. Sonra layihə iştirakçılarına sertifikatlar və təşəkkürnamələr təqdim edilib. Əlilliyi olan şəxslər layihənin onların peşəkar inkişafına verdiyi dəstəkdən məmnunluq ifadə ediblər. Tədbirin sonunda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində musiqi istiqaməti üzrə təlim keçən əlilliyi olan şəxslərin ifasında konsert proqramı təqdim edilib”.