Son yeniləmə: 24 May 2022 16:53
Bayraqdar.info – Mayın 24-də Audiovizual Şuranın binasında İctimai TV və Radio Yayımları Şirkətinə yeni baş direktor seçkisi keçirilib.
Seçkidə iştirak etmiş bayraqdar.info-nun baş redaktoru, İTV və Radio Yayımları Şirkəri Yayım Şurasının üzvü Azər Həsrətin verdiyi xəbərə görə, seçki alternativ əsaslarla, tam şəffaf və mediaya açıq şəraitdə keçirilib.
“İctimai televiziya və radio yayımları haqqında” qanuna görə, qurumun baş direktoru 4 il müddətinə seçilir. Hazırda fəaliyyətdə olan baş direktor Balakişi Qasımovun 4 ili tamam olduğu üçün yeni seçki zərurəti yaranıb. Mayın 5-də iddialılar üçün müraciət müddəti başlayıb. Audivizual Şura müvafiq müraciətləri toplayaraq İctimai Yayım Şurasına təqdim edib. Sonuncu da mayın 24-ə seçki təyin edib.
A.Həsrət bildirib ki, baş direktor vəzifəsinə 8 nəfər iddia edib. Onların hamısının Yayım Şurasının iclasında iştirakı təmin edilib. Eyni zamanda Audiovizual Şuranın iki nümayəndəsi müşahidəçi qismində iclasa qatılıb. Əlavə olaraq bir sıra media qurumları iclası tam olaraq izləyib və seçki prosesini müşahidə edib.
Qeyd olunub ki, qaydalar və iddialılarla bağlı görülən işlər haqqında Yayım Şurasının sədri Muxtar İmanov geniş məlumat verdikdən, Şura üzvləri fikirlərini bildirdikdən sonra say komissiyası təşkil edilib, seçki keçirilib. Eyni zamanda iddialıların fikirləri də dinlənilib.
Yayım Şurasının 9 üzvünün hamılıqla qatıldığı iclasda iddiaçılardan olan fəaliyyətdəki baş direktor Balakişi Qasımov yenidən və yekdilliklə İTV və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.
Yayım Şurasının üzvləri digər namizədlərin də yetərincə bacarıqlı iddiaçılar olduğunu bildirməklə yanaşı qeyd ediblər ki, B.Qasımov ötən 4 il ərzində ictimai yayımı yetərincə irəli apara bilib və ona görə də yenidən belə yüksək etimad qazanıb. Şura üzvləri eyni zamanda digər iddiaçıların potensialından da mümkün dərəcədə istifadə edilməsinin faydalı olacağını deyiblər.