Press "Enter" to skip to content

Təbiətin və ekoloji tarazlığın qorunması

Tədbir iştirakçılarının xatirə fotosu

Son yeniləmə: 23 May 2022 18:00

“Daha parlaq gələcək üçün əl-ələ” adlı tədbir bu məqsədə xidmət edirdi

Bayraqdar.info – Yaşadığımız zamanda bəşəriyyətin daha çox ehtiyac duyduğu insanlar arasında daha sıx təmas, xoş ünsiyyət və təbiətə, ətraf mühitə qayğıdır. Bir sözlə, bu sadalananlar bir növ bu gün bəşəriyyətin xilası rolunda çıxış edir. Öz növbəsində əksər ölkələr bu istiqamətdə davamlı addımlar atırlar ki, bu sırada Malayziya da var.

Səfirlikdən maraqlı təşəbbüs

Bu məqamda qeyd edək ki, Malayziyanın Azərbaycandakı Səfirliyi və Malayziya Texniki Əməkdaşlıq Proqramının (MTƏP) məzun klubunun birgə təşəbbüsü, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə mayın 22-də “Daha parlaq gələcək üçün əl-ələ” adlı maraqlı tədbir təşkil edilmişdi.

Malayziyanın Azərbaycandkı səfiri Dato Yubazlan Bin Yusof

Lənkəran rayonundakı Qızılağac Milli Parkında təklil edilən tədbir iştirakçıları arasında Malayziyanın Azərbaycandkı səfiri Dato Yubazlan Bin Yusof, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçiləri, KİV nümayəndələri, həmçinin MTƏP məzun klubunun üzvləri vardı.

Biomüxtəlifliyin qorunması vacibdir

Açılış mərasimində çıxış edən səfir Dato Yubazlan Bin Yusof ölkəsinin ətraf mühitin mühafizəsi və biomüxtəlifliyin qorunmasi istiqamətində gördüyü işlərdən danışdı.

Səfir bəyan etdi ki, Malayziya biomüxtəlifliyin qorunmasına xüsusi önəm verir

O da qeyd olundu ki, İctimai Diplomatiya və Maarifləndirmə Proqramının bir hissəsi kimi reallaşdırılan bu tədbir insanlar arasında daha çox əlaqəni təşviq etmək, o cümlədən Malayziya ilə Azərbaycan arasında davamlı dostluq və yoldaşlığa töhfə vermək məqsədi daşıyır. Bildirilidi ki, dostluq vasitəsilə insanlar arasında daha çox anlayışlılığa və mədəni dəyərlərin daha yaxşı qiymətləndirilməsinə nail olmaq olar.

Məlumat verildi ki, 1980-ci ildə yaradılmış MTƏP Malayziyanın inkişaf təcrübəsini və biliyini digər inkişaf etməkdə olan ölkələrlə bölüşmək yolu ilə Malayziyanın Cənub-cənub əməkdaşlığına sadiqliyini əks etdirir: “Yarandığı gündən bəri 144 ölkədən 34 mindən çox iştirakçı təklif olunan müxtəlif proqramlardan faydalanmışdır. Bu günə kimi Azərbaycandan 172 MTƏP məzunu var. Malayziya MTƏP proqramlarında iştirak etmək üçün Azərbaycandan daha çox dövlət qulluqçusunu qəbul etmək istərdi. Ümid edirik ki, MTƏP azərbaycanlı məzunları Malayziya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin böyüməsinə, inkişafına və tərəqqisinə müvəffəq olacaq və töhfə verəcəkdir”.

Bütün canlılar üçün ortaq gələcək qurmaq

Onu da qeyd edək ki, tədbir həmçinin 22 may – Beynəlxalq Bioloji Müxtəliflik Günü (BBG) ilə əlaqədar olaraq “Bütün canlılar üçün ortaq gələcək qurmaq” mövzusu altında keçirildi.

Səfir tədbir iştirakçılaır ilə fikir mübadiləsi edərkən

Çıxışlarda da vurğulandığı kimi biomüxtəliflik planetimizin canlı toxumasıdır və bir sıra Davamlı İnkişaf Məqsədlərinə cavab olaraq qalır: “Milli Müxtəliflik İndeksinin (MMİ) açıqladığı məlumatlara görə, Malayziya Dünya Bioloji Müxtəliflik Reytinqində 12-ci yerdə qərarlaşıb. 1992-ci ildə Rio Sammitində Malayziya ümumi ərazisinin ən azı yarısının meşə örtüyü altında saxlamaq öhdəliyi götürmüşdür. 2016-cı ildən Malayziyanın Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) monitorinqi və hesabatı üçün idarəetmə strukturunun yaradılmasından sonra ölkədə 1859 hektar deqradasiyaya uğramış ərazi yenidən bərpa edilmişdir. Bu gün ölkə ərazisinin 55,3 faizi və ya 18,27 milyon hektarı təbii meşə örtüyü altında qalır”.

700 körpə balıq suya buraxıldı

Bildirildi ki, bu tədbir təbiətin və ekoloji tarazlığın qorunmasına dair anlayışlılığı və məlumatlılığı artırmağa xidmət edir.

Səfir körpə balıqları suya buraxır

Onu da vurğulamaq yerinə düşər ki, tədbir çərçivəsində səfir Dato Yubazlan Bin Yusofun iştirakı ilə Qızılağac Milli Parkının ərazisində müvafiq olaraq 700-ə yaxın balıq körpələri suya buraxıldı.

Mission News Theme by Compete Themes.