Son yeniləmə: 23 May 2022 09:57
Yeganə Hacıyeva: Vladimir Putinin həmin fikrinin hüquqi və mənəvi əsası da yoxdur
Bayraqdar.info – “Kollektuv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskva sammiti, orada səslənən fikirlər Ruisyanın maraqlarına hesablanıb. O mənada ki, Ukraynaya hücumdan sonra beynəlxalq aləmdən təcrid olunan Rusiya heç də tək olmadığını, ətrafında ölkələr, hərbi birlik olduğunu nümayiş etdirməyə çalışır. Bu sammit də ilk növbədə məhz buna hesablanmışdı”.
Bunu bayraqdar.info-ya açıqlamasında politoloq Yeganə Hacıyeva deyb.
Onun sözlərinə görə, KTMT fonunda da Rusiya NATO-ya bir növ güc nümayiş etdirmək istəyir: “Eyni zamanda Rusiya Prezidentinin KTMT-in iclasında MDB ilə bağlı fikirləri də bu məqsədə xidmət edir. Yəni V.Putinin MDB-yə KTMT daxilində müşahidəçi statusunun verilə biləcəyinə dair fikirlərinə birbaşa Kremlin istək və maraqları baxımından yanaşmaq lazımdır. Görünən odur ki, Rusiya KTMT-MDB birləşməsi fonunda öz yaxın ətrafında olan ölkələrdən ibarət hərbi-siyasi müdafiə sistemi qurmaq istəyir”.
Politoloq qeyd edib ki, Rusiyanın nə istəməsindən asılı olmayaraq reallıq başqadır: “Məsələ burasındadır ki, V.Putin MDB adından təkbaşına qərar verə bilməz. MDB-yə daxil olan ölkələrin bununla bağlı müvafiq qərar qəbul etməsi lazımdır. İndiki halda isə bu qeyri-mümkündür. Çünki bir dövlətin hər hansı hərbi blokda, yaxud alyansda iştirakına onun qanunları icazə verməldir. Ancaq MDB üzvü olan ölkələrin bir neçəsi heç bir hərbi bloka qoşulmur. Məsələn, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Deməli, MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsi ilk nöbədə bu baxımdan mümkünsüzdür”.
Y.Hacıyeva vurğulayıb ki, V.Putinin həmin fikrinin hüquqi və mənəvi əsası da yoxdur: “Çünki heç bir dövlət V.Putinə bu haqqı verməyib”.