Son yeniləmə: 23 May 2022 09:54
Bayraqdar.info – Nə gizlədim, imzasını tanısam da, 2013-cü ilə kimi onunla dərindən tanışlığım olmayıb. Yəni onu sadəcə həmkarlarımızdan biri kimi tanıyırdım. 2013-cü ildən sonra isə Qadir İbrahimlini qonşu kimi tanıdım…
Axşamlar həyət gəzintisindən sonra onun sevimli bir əl hərəkəti vardı. Mənim mənzilim 2-ci, Qadirinki isə 4-cü mərtəbədədir. Liftə daxil olan kimi üzündə xəfif təbəssümlə məndən cəld tərpənərək sağ əlinin iki barmağını eyni anda 2 və 4-ün üzərinə basar və yenə də xəfif gülüşlə “xahiş edirəm, ənənəni pozma” deyərdi.
İki-üç gündür liftə daxil olanda ətrafa baxıram, hərdən də bir an duruxuram. Mənə elə gəlir ki, o, yenə də həmin təbəssümlə iki barmağını eyni anda 2 və 4-ün üzərinə tuşlayacaq. Amma daha bu baş vermir. Çünki nə qədər acı olsa da o, artıq yoxdur.
Çox qayğıkeş, dostcanlı idi Qadir. Bəzən səndən daha çox sənin haqqında düşünərdi rəhmətlik. Yadımdadır, ilk dəfə qrant layihəsini hazırlayarkən proseslə bağlı təcrübəli dostlarımıza zəng etmişdi ki, mənə bu istiqamətdə məsləhət versinlər. Özü də hər axşam liftə daxil olanda “bax, qətiyyən gözünü qorxutma, layihə yaz, nə lazım olsa dostlardan da məsləhət alarsan” deyirdi. Hətta bir dəfə uşaq kimi danlamışdı da məni: “Övladın Türkiyədə oxuyur. Axı bilirəm sənin də mənim kimi pula ehtiyacın var. Layihə yaz, icra elə. Ən azı 3-4 aylıq oradan əməkhaqqı alarsan, əlavə gəlirin olar. Uşağın bir problemini həll edərsən. Niyə məsuliyyətsizlik edirsən?”
Övlad demişkən, əksər qonşularımız kimi Qadir də həyatını övladlarına həsr edən, onlarla nəfəs alan bir ata idi. Yadıma gəlir, qızı Arzu Türkiyədə ali məktəbə daxil olanda Qadir dünyanın ən xoşbəxt adamı idi. Dünyaları vermişdilər ona. Sevincindən uçurdu sanki. Qadirin bu sevinci ilə bağlı qayğıkeşliyini də yenə Arzu ali məktəbə daxil olandan sonra hiss etdim. Həmin vaxt onun qarşıya çıxan problemləri (təbii ki, söhbət maddi problemlərdən gedir) həll etmək üçün özünü necə oda-közə vurduğunu çox yaxşı bilirəm. Həmin günlər Qadirin bir üzü gülür, bir üzü ağlayırdı.
Bir dəfə həmin o problemləri aşmaq üçün ümidlə üz tutduğu qapılardan birindən əliboş qayıdarkən dediyi söz bu gün də yadımdan çıxmayıb: “Bəlkə də ən böyük səhvimiz jurnalistikaya gəlişimiz olub. Başqalarının dünya boyda işlərini həll edənlər bizə gələndə daşa dönürlər. Axı bizim bu cür problemlərlə vaxt itirəsi dövrümüz deyil. Niyə belə edirlər?”
Mən Qadirin övladı üçün eyni çırpıntısını oğlu Əlini orta məktəbə apararkən də görmüşdüm. Onun eyni ümidsizliyini onda da gözlərindən oxumuşdum. Hansısa əyalətdə bir yerli pedaqoqun görməli olduğu, lakin görmək istəmədiyi işdən ötrü günlərlə vaxt itirmək Qadiri çox sıxmışdı. Çox incitmişdi. Nə yaxşı ki, o zaman Bakıdakı dostlar son anda Qadirə dəstək oldular. Süni yolla yaradılmış problem aradan qaldırıldı.
Amma son vaxtlar ondan bərk incimişdim. Daha doğrusu, bu incikliyimin təxminən 6 aylıq zamanı var. İncikliyə keçmədən öncə deyim ki, mən “Yeni Azərbaycan” qəzetində işləyəndə Qadir tez-tez “Səs” qəzetinə gələr, özünə və sözünə hörmətlə yanaşdığı Bəhruz Quliyevlə görüşərdi. Hər dəfə də görüşdən əvvəl, yaxud sonra bir mərtəbə yuxarı çıxıb mənə baş çəkər, zamandan azacıq oğurlayıb dərdləşərdik.
Təxminən ötən ilin bu vaxtları olardı. Qadir yenə yuxarı qalxdı. Amma mən onda bir başqa əhval hiss etdim. Təngənəfəs idi. Səbəbini soruşanda, “həkim deyir ürəyində problem var. Açıq havada piyada çox gəzməlisən” cavabını verdi. Amma bu, sadəcə ürək ağrısına oxşamırdı. Nə isə, günün sonuna yaxın idi. Həmin gün növbətçi olmadığım üçün redaksiyadan birlikdə çıxdıq. 20-ci sahəyə çatanda jurnalist binalarının sakinlərinin yaxşı tanıdığı “Cəbrayıl” kafesində oturub çay içməyə qərar verdik. Həmin gün mən Qadirin probleminin ürəklə bağlı olmadığını hiss etdim və gördüm.
Bir neçə gün kənar müşahidələrimdən sonra heç də yanılmadığım qənaətinə gəldim. Qadir sadəcə “ürəkdə problem var” deyərək dostların, qonşuların diqqətini yayındırırdı. Qadir səssiz, sakit intihar yolunu seçmişdi. Niyə belə deyirəm? Çünki məhz o bərk incidiyim təxminən 6 ay bundan öncəki dövrdə xeyli söhbətimiz oldu. Özünə qarşı bu qədər laqeyd olduğuna görə onu bərk danladım. Amma bu zaman daim təbəssümlü, xəfif gülüşlü, xeyirxah insanın bir anlıq qəzəbli baxışlarını gördüm. Heç vaxt olmadığı kimi hətta bir az səsini də qaldırdı. Təxminən, “mənim işimə qarışma” kimi bir tövr aldı.
Sonradan bildim ki, digər qonşulara da (mən Qadirlə bağlı narahatlığımı yaxın qonşularla bölüşdüyüm üçün onlar da ona səhhətinə qarşı bu qədər etinasız olmamasını tövsiyə etmişdilər) eyni cür reaksiya verib. Onun niyə belə etdiyini isə indi anlayırıq. Anlaşılan, Qadir öz qərarını çoxdan veribmiş. Bizi isə bilərəkdən, el dili ilə desək, acılayıb ki, son statuslarından birində yazdığı kimi, “tezliklə axirətdə gülüzlü anasına qovuşmasına” mane olmayaq.
Bir sözlə, xarici problemlərin həlli üçün qətiyyət göstərən Qadir eyni qətiyyətinin heç onda birini daxilindəki problemin həlli, sağlamlığının qorunması üçün göstərmədi. Nəticədə də xəstəliyə yenik düşdü. Özü də bu yeniklik ildırım sürəti ilə baş verdi.
Yuxarıda dediyim kimi, Qadir övladlarını çox sevirdi. Qızı Arzu ilə bağlı arzuları böyük idi. Amma nə yazıq ki, onun arzuları yarım qaldı. Belə deyək ki, Qadir Arzunun ali məktəbi qurtarıb diplomla dönəcəyi günün arzusunda idi. Həm də arzuqarışıq bir narahatlığı da vardı. Yenə bir dəfə uşaqlardan söhbət edərkən yarısevincli, yarıkədərli tonda beləcə də demişdi: “Nadir, vaxt nə tez gəlib keçir. Biz uşaqların təhsil haqqı, qalmaq, yemək pulu barədə baş sındırırıq. Bir müddət keçəcək. Sonra da onlara iş tapmaq barədə düşünəcəyik. Deyəsən axı ömrümüz axtarmaq, problemlərdən həll yolları tapmaq üçün düşünməklə keçəcək”.
Amma olmadı. Qadirin arzuları da, düşüncələri də, fikirləri də yarımçıq qaldı.
Onun arzuları yarımçıq qaldı. Amma gəlin elə edək ki, onun ARZUsunun arzuları heç olmasa yarımçıq qalmasın. Hesab edirəm ki, müvafiq qurumlar, o cümlədən xeyirxah iş adamları Arzunun təhsilinin davam etməsi üçün dəstəklərini əsirgəməyəcəklər.