Press "Enter" to skip to content

Brüssel görüşündə ümidverici və ağlabatan bəyanat – VİDEO

Üçtərəfli görüş öncəsi

Son yeniləmə: 23 May 2022 10:47

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 22-də Brüsselə səfər edib.

Brüssel növbəti dəfə Azərbaycanla Ermənistanı bir araya gətirir

Burada Ş.Mişelin vasitəçiliyi ilə Ermənistan Baş naziri Nikol Paşinyanın da iştirak etdiyi üçtərəfli görüş keçirilib. Bu görüşə qədərsə Ş.Mişel öncə İ.Əliyevlə, daha sonra isə N.Paşinyanla ikili görüşlər keçirib.

Gecəyə doğru İ.Əliyev, Ş.Mişel və N.Paşinyanın 5 saata qədər çəkən üçtərəfli görüşü olub.

Görüşlə bağlı Azərbaycan tərəfi hələlik geniş açıqlama verməsə də Ş.Mişel dərhal media üçün ayrıntılı açıqlama ilə çıxış edib. Açıqlamanın önəmini nəzərə alaraq tam mətnini təqdim edirik.

Şarl Mişelin media üçün açıqlaması

Bu gün mən yenidən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı qonaq etdim. Bu, bu formatda üçüncü müzakirəmiz idi. Biz Güney Qafqazdakı durum və hər iki ölkə ilə Avropa Birliyinin münasibətləri, həmçinin bölgəylə bağlı daha geniş məsələlər üzərində diqqət kəsildik.

Bu müzakirə səmimi və məhsuldar oldu. Bir sıra məsələləri nəzərdən keçirdik. Biz, minaların təmizlənməsi, həbsdə olanların azad edilməsi və itkin düşmüş şəxslərin taleyi də daxil olmaqla humanitar məsələlərlə bağlı ayrıntılı müzakirə apardıq.

Biz aşağıdakı nəticələrə gəldik:

Sərhəd məsələləri: Yaxın günlərdə sərhəd komissiyalarının birgə görüşü iki ölkə sərhədində baş tutacaq. Bu görüş sərhədlərin delimitasiyası və sabit durumu necə təmin etməklə bağlı bütün suallarla bağlı olacaq.

Kommunikasiya: Liderlər nəqliyyat xətlərinin açılması ilə bağlı irəliləməyə razı oldular. Onlar Azərbaycanın Qərbi ilə Naxçıvan, eləcə də Azərbaycandan keçməklə Ermənistanın müxtəlif hissələri arasında nəqliyyatın idarə edilməsi, həmçinin hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat prinsipləri ilə bağlı razılığa gəldilər. Onlar özəlliklə də sərhədlərin idarə edilməsi, təhlükəsizlik, torpaqbasdı pulu və həm də beynəlxalq nəqliyyat kontekstində gömrük məsələləri ilə bağlı prinsiplərdə razılığa gəldilər. Baş nazirlərin müavinləri bu məsələlərlə bağlı önümüzdəki günlərdə işə başlayacaqlar.

Sülh razılaşması: Liderlər Ermənistan və Azərbaycan dövlətləri arasındakı münasibətləri tənzimləyəcək gələcək sülh razılaşması ilə bağlı müzakirələri irəlilətmək razılığına gəldilər. Gələcək həftələrdə xarici işlər nazirlərinin rəhbərlik etdiyi qruplar bu prosesi irəli aparacaq. Bu gedişə əlavə olaraq mən eyni zamanda hər iki liderə vurğuladım ki, Qarabağın etnik erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin də diqqətə alınması vacibdir.

Sosial-iqtisadi inkişaf: AB hər iki tərəflə birlikdə İqtisadi Məsləhət Qrupunun fəaliyyətini təmin edəcək. Bu Qrupun məqsədi hər iki ölkənin və onların əhalisinin iqtisadi inkişafını irəli aparmaqdır.

Mən həm də əhalinin uzun müddətli dayanıqlı sülhə hazırlanmasının vacibliyini vurğuladım. AB bu yöndə öz dəstəyini verməyə hazırdır.

Biz yaxın əlaqədə qalmağa və eyni formatda iyul/avqust aylarında görüşməyə razılaşdıq. Çox sağ olun.

İngiliscədən tərcümə: Azər Həsrət

2 Comments

Comments are closed.

Mission News Theme by Compete Themes.