Son yeniləmə: 23 May 2022 19:52
Bayraqdar.info – Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb.
Xəbəri mayın 23-də Prezidentin Mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, ölkə başçısı Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alııb ki, geniş tərkibli Komissiya yaradılsın. Baş nazirin müavini Şahin Mustafayev Komissiyanın sədri təyin edilib.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, xarici işlər, daxili işlər, ekologiya və təbii sərvətlər, ədliyyə, kənd təsərrüfatı, müdafiə nazirlərinin müavinləri Komissiyanın üzvləridir.
Həmçinin Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini, Dövlət Sərhəd Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin müavinləri, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Komissiyanın üzvləri təyin edilib.
Eyni zamanda Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarının icra başçıları da Komissiya üzvləri sırasındadır.
Sərəncamla Nazirlər Kabinetinə Komissiyanın Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını da tapşırılır.
Bu arada bəlli olub ki, Ermənistan da paralel şəkildə öz Komissiyasını qurub. Komissiyaya ölkənin baş nazirinin müavini Mher Grigoryan başçılıq edəcək. Azərbaycan tərəfində olduğu kimi, Ermənistanda da Komissiyaya nazirliklərin və müvafiq xidmətlərin nümayəndələri cəlb edilib.
Qeyd edək ki, mayın 22-də Azərbaycan Prezidenti İ.Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin iştirakıyla keçirilmiş görüşündə həm də belə bir komissiyanın qurulması qərarlaşdırılmışdı. Bu haqda məlumatı Ş.Mişel görüşdən sonra mediaya verdiyi açıqlamada bildirmişdi.
Buna qədər də tərəflər sözü gedən komissiyanı qurmaqla bağlı qərar vermişdilər. Lakin Rusiyanın yersiz müdaxilələri və Ermənistanın müstəqil qərar verə bilməməsi komissiyanın qurulmasını və əməli işə keçilməsini əngəlləyirdi. Görünür, bu dəfə Ermənistan artıq bəhanə tapa bilməyib və AB də məsələni qəti qoyub ki, komissiya qurulub.
Yenə də Rusiya qarışmasa hər şey yaxşı olacaq – BRÜSSELƏ SÖZARDI
[…] Azərbaycan və Ermənistandan irəliyə doğru ciddi addım […]